Əliyev Pekində hərbi paradda iştirak edəcək
- Obyektiv Media
- Aug 28
- 1 min read

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə Çində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Xinhua agentliyinin məlumatına görə, o, sentyabrın 3-də Pekinin Tiananmen meydanında keçiriləcək hərbi paradda iştirak edəcək.
Paradı ümumilikdə 26 xarici lider izləyəcək, onların arasında Əliyevdən başqa Ermənistanın Baş naziri Nikol Paşinyan, KXDR lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkyan, Pakistanın Baş naziri Şahbaz Şərif, Rusiya Prezidenti Vladimir Putin və digər liderlər də olacaq.
Daha əvvəl "Xinhua" agentliyi Çin ordusunun hərbi-hava qüvvələrinin parad zamanı təkmilləşdirilmiş modelləri də daxil olmaqla, bir neçə növ qırıcı təyyarə nümayiş etdirəcəyini bildirmişdi.
Avropa İttifaqı ölkələrinin liderləri paradda iştirak etməkdən imtina ediblər.
Bu ilin aprelində Əliyev artıq Çində səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat”, iki ölkə arasında vizasız rejim haqqında saziş və digər sənədlər imzalanıb.
Comments