Ülvi Həsənli Vatslav Havel Mükafatı üzrə qısa siyahıya daxil edilib
- Obyektiv Media
- Aug 26
- 2 min read

Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin fəaliyyətinə görə təqdim olunan Vatslav Havel Mükafatının Seçki Komissiyası 26 avqust tarixində 2025-ci il Mükafatı üçün qısa siyahını elan edib.
Avropa Şurasının mətbuat bülletenində bildirilir ki, Praqada toplanan, dünyanın müxtəlif ölkələrindən olan müstəqil insan hüquqları fəallarından ibarət və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosun rəhbərlik etdiyi komissiya qısa siyahıya üç nominantın daxil edilməsi barədə qərar qəbul edib.
Əlifba sırası ilə ilk nominant Mziya Amaqlobeli – "Batumelebi" və "Netgazeti" adlı müstəqil media orqanlarının həmtəsisçisi olan yenilikçi gürcü jurnalistidir. Siyasi motivli həbsinə və etirazlar zamanı sui-istifadələri ifşa etdikdən sonra məruz qaldığı pis rəftara baxmayaraq, onun cəsarətli hərəkətləri mediaya və siyasi sui-istifadələrə qarşı repressiyalara diqqət çəkməyə kömək edib. 2025-ci ildə həbsi və sonradan məhkum edilməsi onu mətbuat azadlığı və dövlət repressiyaları qarşısında müqavimət simvoluna çevirib, jurnalistlərin insan hüquqlarının müdafiəsindəki vacib rolunu vurğulayıb.
Digər bir nominant isə Ukraynalı jurnalist, insan hüquqları müdafiəçisi və "Zmіna" İnsan Hüquqları Mərkəzinin və "Hromadske Radio"nun həmtəsisçisi Maksim Butkeviçdir. O, qətiyyətli pasifist olmasına baxmayaraq, 2022-ci ildə Rusiyanın işğalının əvvəlində Ukrayna Silahlı Qüvvələri sıralarına könüllü daxil olaraq tağım komandiri olub. Rusiya qoşunları tərəfindən əsir götürülərək 13 il azadlıqdan məhrum edilən Butkeviç, 2024-cü ilin oktyabrında əsir mübadiləsi nəticəsində azad edilməzdən əvvəl iki ildən çox sərt şəraitdə saxlanılıb. O, ədalət və azadlıq uğrunda mübarizədə cəsarət və müqavimətin bariz simvolu olaraq qalır.
Nəhayət, Vatslav Havel Mükafatına üçüncü nominant "Abzas Media" müstəqil media orqanının direktoru, azərbaycanlı jurnalist Ülvi Həsənlidir. 2011-ci ildən bəri hökumət tərəfindən amansız təqiblərə məruz qalıb, o cümlədən əsassız həbslərə, işgəncələrə və siyasi motivli ittihamlara düçar olub. 2025-ci ilin iyununda Həsənli doqquz il müddətinə azadlıqdan məhrum edilib və hazırda uzaq bir həbsxanada ağır şəraitdə saxlanılır. Burada o, aclıq aksiyaları keçirib və təkadamlıq kamerada saxlanılıb, bütün bunlara baxmayaraq mətbuat azadlığına sadiqliyin və müqavimətin təcəssümü olaraq qalır.
Komissiyanın seçimini elan edən AŞPA sədri, bəzən öz həyatları bahasına da olsa, əsas azadlıqları və insan hüquqlarını qətiyyətlə müdafiə edən və təşviq edən bütün insan hüquqları müdafiəçilərinə hörmətini bildirib. İndi, hər zamankından daha çox, öz cəsarəti, qətiyyəti və gücü ilə bizə azadlığa gedən yolu göstərən qadın və kişiləri yad etmək çox vacibdir. Xüsusilə, jurnalistlər öz cəsarətləri, qətiyyətləri və sarsılmaz həqiqətə sadiqlikləri ilə azadlığa və ədalətə gedən yolu işıqlandırırlar. Son illər həqiqətən də jurnalistlər üçün ən pis illər olub, dünya üzrə öldürülən, yaralanan və həbs olunanların rekord sayda olması ilə tarixdə ən dağıdıcı dövr kimi yadda qalıb. Vatslav Havel sözün gücünə və jurnalistikanın əhəmiyyətinə dərindən inanırdı, sözlərin tarixi dəyişə biləcəyini və həqiqi bəyanatın repressiv rejimləri məhv edə biləcəyini iddia edirdi.
2025-ci il Mükafatının qalibinin adı sentyabrın 29-da Strasburqda AŞPA-nın payız plenar sessiyasının açılışında elan olunacaq. Vatslav Havel İnsan Hüquqları Mükafatı hər il Avropa Şurası Parlament Assambleyası (AŞPA), Vatslav Havel Kitabxanası və "77-ci Xartiya" Fondu tərəfindən birgə təqdim olunur. Mükafat 60 000 avro məbləğində pul mükafatı, kubok və diplomdan ibarətdir.
Yarandığı gündən bəri mükafat növbə ilə Maria Korina Maçado (2024), Osman Kavala (2023), Vladimir Kara-Murza (2022), Mariya Kolesnikava (2021), Lücan əl-Hətlul (2020), İlham Toxti və İnsan Hüquqları üzrə Gənclər Təşəbbüsü (2019), Oyub Titiev (2018), Murat Arslan (2017), Nadiyə Murad (2016), Lyudmila Alekseyeva (2015), Anar Məmmədli (2014) və Ales Belyatskiyə (2013) verilib.
Comments