SOCAR İtaliyanın enerji nəhəngi "Italiana Petroli" şirkətini aldı
- Obyektiv Media
- Sep 24
- 1 min read

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın "API Holding" şirkəti ilə bu ölkənin aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) səhmlərinin 99,82%-ni əldə etmək barədə saziş imzalayıb.
SOCAR-dan verilən məlumata görə, "əməliyyatın başa çatması standart bağlanış prosedurları və lazımi tənzimləyici təsdiqlərin alınması şərti ilə 2026-cı ilin birinci rübündə gözlənilir". Bu saziş, SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli M&A (satınalma və birləşmə) prosesinin nəticəsidir.
"Italiana Petroli" İtaliyanın ən böyük inteqrasiya olunmuş "downstream" platformalarından biridir. Şirkət ölkə boyu minlərlə yanacaqdoldurma məntəqəsi şəbəkəsinə, illik ümumi gücü təxminən 10 milyon ton olan iki neft emalı zavoduna sahibdir, xüsusi məhsulların (bitum, aviasiya yanacağı, sürtkü yağları) satışını həyata keçirir və milli logistika sistemini idarə edir.
"Bu saziş SOCAR-ın Avropa enerji bazarındakı mövcudluğunu genişləndirmək üçün mühüm mərhələdir və Azərbaycanın İtaliya ilə ikitərəfli iqtisadi və enerji əlaqələrini gücləndirmək, həmçinin Avropa regionunun enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə vermək öhdəliyini əks etdirir", - SOCAR vurğulayıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, "Italiana Petroli" şirkətinin əldə edilməsi beynəlxalq şaxələndirmə strategiyamızın həyata keçirilməsində mühüm addımdır. Bu, rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesin inkişafına dair uzunmüddətli öhdəliyimizi nümayiş etdirir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasında tərəfdaşlığı gücləndirir".
IP-nin Direktorlar Şurasının sədri Uqo Braketti Perettinin sözlərinə görə, bu şirkət ölkənin yanacaq sektorunda əsas oyunçu olaraq qalır, həmçinin İtaliyanın mobillik və enerji təhlükəsizliyi sahəsində mühüm aktyordur.
Sazişin dəyəri açıqlanmır. Daha əvvəl KİV-də əməliyyatın SOCAR-a 2 milyard ABŞ dollarına başa gələcəyi barədə məlumatlar yayılmışdı.
İtaliya Azərbaycan neftinin ixracında birinci yerdədir.



Comments