Azərbaycan Avropaya qaz ixracının coğrafiyasını genişləndirir - Əliyev
- Obyektiv Media
- Sep 18
- 1 min read

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Martu Kosu qəbul edib.
Dövlət başçısının saytının məlumatına görə, Kos Əliyevi “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli sürülməsi sahəsində əldə olunan nailiyyətlər” münasibətilə təbrik edib. O, vurğulayıb ki, Avropa İttifaqı bundan sonra da regionda davamlı sülhün təmin edilməsinə yönəlmiş səyləri və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətini dəstəkləməyə davam edəcək.
Kos həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında “enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu” qeyd edib. Bundan əlavə, o, nəqliyyat sektorunda əməkdaşlığın daha da inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib.
Öz növbəsində, Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşünü məmnunluqla xatırlayıb.
Onun sözlərinə görə, “Azərbaycan regionda sülh gündəliyini irəli sürmək üçün səylərini davam etdirəcək”. Regionda nəqliyyat əlaqələrinin qurulması üçün yaxşı imkanların olduğunu qeyd edən Əliyev, Azərbaycanın “işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində intensiv işlər apardığını” bildirib. Bununla bağlı o, Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə” toxunaraq, hazırda Azərbaycan qazının 10 Avropa ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac edildiyini və ixrac coğrafiyasının genişləndiyini qeyd edib.
Görüşdə Mərkəzi Asiyadan Orta Dəhlizlə Azərbaycana gələn yüklərin həcmində əhəmiyyətli artım olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avropa komissarının proqramında həmçinin Azərbaycanın xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşlər, eləcə də minatəmizləmə işlərinin gedişi ilə tanış olmaq üçün Ağdam rayonuna səfər də nəzərdə tutulub.
Kosun səfəri ilə bağlı rəsmi press-relizdə Avropa komissarının Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb-görüşməyəcəyi barədə heç nə deyilməyib.



Comments