Azərbaycan və BƏƏ Xəzərdə iki konteyner gəmisi istifadəyə verəcək
- Obyektiv Media
- Sep 17
- 1 min read

Azərbaycan və BƏƏ Xəzər dənizində yük daşımaları üçün iki konteyner gəmisinin tikintisi barədə razılığa gəliblər.
Sentyabrın 16-da Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhayyanın iştirakı ilə bu barədə saziş imzalanıb.
Xəzər dənizində istismar olunacaq 780 TEU tutumlu iki konteyner gəmisinin tikintisinə dair müqavilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” dövlət hüquqi şəxsi, yəni “Bakı Gəmiqayırma Zavodu” MMC və “Abu Dhabi Ports Company” QSC arasında bağlanıb. 2028-ci ildə başa çatması nəzərdə tutulan tikintidən sonra hər iki gəmi Xəzər dənizində iri ticarət mərkəzləri arasında nəqliyyat əlaqələrini optimallaşdırmaq məqsədilə əsas marşrutlara çıxa biləcək.
Yeni gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin gücləndirilməsində mühüm rol oynayacaq.
BƏƏ Prezidentinin səfəri çərçivəsində müxtəlif əməkdaşlıq sahələrini əhatə edən, o cümlədən "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" daxil olmaqla on yarımadək sənəd imzalanıb.



Comments