Nərgiz Absalamova Nüfuzlu Jurnalistika Mükafatının Laureatları Sırasındadır
- Obyektiv Media
- 3 days ago
- 1 min read

Abzas Media nəşrinin korrupsiya araşdırmalarına görə Azərbaycanda həbs cəzası çəkən Nərgiz Absalamova “Azad Media” mükafatının laureatları sırasına daxil edilib. 2025-ci il üzrə qaliblər sentyabrın 9-da Norveçin Fritt Ord və Almaniyanın ZEIT Stiftung Bucerius fondları tərəfindən elan edilib. Media azadlığı sahəsində mükafata Ukrayna, Gürcüstan, Macarıstan, Rusiya, Belarus və Azərbaycandan olan jurnalistlər layiq görülüblər. Absalamova Abzas Media üçün hazırladığı cəsarətli reportajlara və qısa metrajlı sənədli filmlərə görə mükafatlandırılıb. O, əsasən iqlim, korrupsiya və sosial hüquqlar mövzularını işıqlandırıb.
Mükafatın təsisçilərinin mətbuat buraxılışında qeyd olunur ki, “Absalamova diskriminasiyaya məruz qalan qadınlar və gənclər də daxil olmaqla, həssas yerli icmaların nümayəndələrinin səslərinin eşidilməsini təmin edib. Onun sosial şəbəkələrdəki video reportajları milyonlarla insan tərəfindən izlənilib və vətəndaş cəmiyyətinə müsbət təsir göstərib. Onun kamerası dəfələrlə müsadirə edilib və o, dəfələrlə polis zorakılığı ilə üzləşib”.
Absalamova 2023-cü il dekabrın 1-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Abzas Media-dan olan digər həmkarları kimi, onun da ittihamları sonradan ağırlaşdırılıb. Bu ilin iyun ayında ona 8 il həbs cəzası verilib.
Comments