Həbs olunmuş jurnalistin gözü irinləməyə başladı
- Obyektiv Media
- 3 days ago
- 1 min read

Azərbaycanda həbsdə olan jurnalist və ictimai fəal Əhməd Məmmədlinin bir gözündə irinləmə başladı.
Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi fəalın vəkili Elçin Sadıqovun ona tibbi yardım göstərilməsi ilə bağlı müraciətinə cavab verib. Məmmədlinin saxlanıldığı istintaq təcridxanasına oftalmoloq dəvət olunub. O, fəala «xorioretinal distrofiya» diaqnozu qoyub və ona ambulator müalicə təyin edib.
Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi həmçinin xatırladır ki, fəal irsi astmadan əziyyət çəkir və polis nəzarətində olduğu müddətdə əvvəllər əməliyyat olunmuş gözlərinə zərbələr alıb. İşkəncələrdən sonra bir gözünün görmə qabiliyyəti tamamilə zəifləyib. Bu arada, 3 sentyabr 2025-ci il tarixində Əhməd Məmmədliyə qarşı cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb. Həbsxana şəraiti Əhməd Məmmədlinin sağlamlığı üçün uyğun deyil. Məmmədlinin ictimai müdafiəçilərinin bəyanatında deyilir: “Biz Əhmədin ev dustaqlığına buraxılmasını tələb edirik”.
Əhməd Məmmədli mayın 6-da saxlanılıb, iki gün sonra ona 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məmmədliyə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq ittihamları irəli sürülüb.
Comments