Polad Aslanovda aclıq aksiyası şok vəziyyəti yaradıb
- Obyektiv Media
- 4 days ago
- 1 min read

Jurnalist Polad Aslanov həbsxanada uzunmüddətli aclıq aksiyası nəticəsində şok keçirib.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində məlumat verib.
O, jurnalistin sentyabrın 8-i gecə saat 2 radələrində saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şok vəziyyətinə düşdüyünü yazıb.
"Polad şiddətlə titrəyirdi, ayaqlarını hiss etmirdi, oyanmırdı. Bir neçə dəqiqə yatağında köməksiz vəziyyətdə uzanıb qaldı," Aslanova qeyd edib.
O, ərinin aclıq aksiyasını davam etdirdiyini və tələbləri ilə bağlı müraciətinin hələ də müəssisə rəisi Ramiq Nəsibov tərəfindən qəbul edilmədiyini bildirib.
P. Aslanov avqustun 29-da saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində mətbəxdən istifadə etməyə icazə verilmədiyindən aclıq aksiyasına başlayıb.
Aslanovanın sözlərinə görə, əri iyulun 18-də keçdiyi ultrasəs müayinəsinin nəticələrini tələb edir.
"Xeberman.com" saytının rəhbəri Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub və sonradan 13 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları rədd edir və xüsusi xidmət orqanlarındakı korrupsiyanı ifşa etdiyinə görə təqib olunduğunu bildirir.
Hüquq müdafiəçiləri Aslanovu siyasi məhbus hesab edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi Aslanovun həbsini qanunsuz elan edib.
Comments