ABŞ diplomatı AZAL təyyarəsinin Aktau şəhərindəki qəza yerini ziyarət edib
- Obyektiv Media
- 5 days ago
- 1 min read

ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tavers regional səfəri çərçivəsində Qazaxıstanın Aktau şəhərində Azərbaycanın AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib.
Bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook-dakı rəsmi səhifəsində yerləşdirilib.
“Biz ABŞ biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsini başa vurduq. Aktaudan yola düşməzdən əvvəl Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov və ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tavers AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət ediblər. Orada bu faciədə həyatını itirən mülki vətəndaşların xatirəsini yad etdik. Təyyarənin qalıqları hələ də əraziyə səpələnmiş və bu mənzərə itirilmiş həyatların kədərli xatırlatması olaraq qalır”, — diplomatik missiyanın mesajında deyilir.
25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus “Embraer-190” təyyarəsi Qazaxıstanın qərbində, Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin və beş ekipaj üzvü olub, onlardan cəmi 29-u sağ qalıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin fəlakətin səbəblərinin araşdırılmasının nəticələri ilə bağlı ilkin hesabatına əsasən, “təyyarənin gövdəsində aşkar edilən zədələr xarici cisimlərin təsiri nəticəsində yaranıb”. Bakıda təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən qeyri-qanuni şəkildə vurulduğuna əmindirlər.
Bakı Moskvadan vurulan təyyarəyə görə məsuliyyəti öz üzərinə götürməyi, üzr istəməyi, günahkarları cəzalandırmağı, aviaşirkətə və zərərçəkənlərə, habelə qurbanların qohumlarına təzminat ödəməyi tələb edir.
Comments