Bakı Apellyasiya Məhkəməsi “Abzas Media İşi” Üzrə Yekun Qərarı Təxirə Salıb
- Obyektiv Media
- 7 days ago
- 2 min read

Bakı, Azərbaycan – Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və dövlət ittihamçısı çıxış edib. Məhkəmə yekun qərarın elanını sentyabrın 9-nadək təxirə salıb.
Jurnalist Nərgiz Absalamovanın vəkili Günay İsmayılova çıxışında müvəkkilinin təqsirini sübut edən heç bir dəlilin olmadığını bildirərək, Absalamova üçün bəraət tələb edib.
Daha sonra çıxış edən Nərgiz Absalamova bank hesablarına qoyulan qadağaya toxunaraq, içində cəmi 13 qəpik olan bank kartının da bloklandığını bildirib. Absalamova bu vəziyyəti kəskin tənqid edərək deyib: “İş materiallarında içində 13 qəpik olan bank kartım da bloklanıb. Mənim 13 qəpiyimə qalıblar. Demək istəyirəm ki, bəli, biz 13 qəpiklik qaçaqmalçılarıq. Arzu edirəm ki, nə vaxtsa ədalətlə qərar verən, hüququ həqiqətən ali hesab edən və özünə hörmət edən hakimlər məhkəmələri idarə edər. Hələlik isə bu məhkəmə oyundan başqa bir şey deyil. Siz də sizə tapşırılan qərarı icra edirsiniz,”.
Dövlət ittihamçısı İlkin Yusifov isə təqsirləndirilənlərin iddialarını rədd edib, həm ibtidai, həm də məhkəmə istintaqının ədalətli aparıldığını vurğulayıb. O, Məhəmməd Kekalovun ibtidai istintaqda verdiyi ifadələrdən imtina etməsinə baxmayaraq, bu ifadələrin doğruluğunun dəlillərlə sübuta yetirildiyini iddia edib. Prokuror birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istəyib.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova dövlət ittihamçısına cavab olaraq bildirib ki, müdafiə etdiyi Ülvi Həsənli və digər təqsirləndirilən şəxslərlə bağlı həbs olunduqları gündən etibarən verdikləri heç bir vəsatət təmin edilməyib. O, belə bir vəziyyətdə hansı ədalətli araşdırmadan danışıla biləcəyini sual edib. Digər vəkillər də çıxış edərək müvəkkilləri üçün bəraət tələb ediblər.
Prosesin sonunda “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı məhkəmə istintaqı dövründə açar hesab edilə biləcək heç bir şahidin məhkəməyə gətirilmədiyini, bunun da məhkəmənin ədalətli olmadığını və sadəcə verilən qərarı icra etdiyini bir daha sübut etdiyini deyib. Vaqifqızı hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Bizi başa düşün” deməsinə toxunaraq, belə bir şəraitdə peşə fəaliyyətinə görə həbs edilənlərin, övladı dünyaya gələn, övladının növbəti doğum gününü və ya evliliklərinin 30 illiyini qeyd edə bilməyən məhbusları kimin başa düşəcəyini soruşub.
İş üzrə həbs edilən iqtisadçı və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə də dövlət ittihamçısının iddialarına cavab verib. O, Məhəmməd Kekalovun ifadələrində onunla bağlı heç bir şey olmasa da, həbs edildiyini qeyd edib. Mehralızadə həmçinin, məhkəmə istintaqı zamanı dəvət edilən şahidlərin yarısının onu tanımadığını, digər yarısının isə iqtisadçı kimi mediadan tanıdığını bildirdiyini, lakin onların onunla bağlı ifadələrinin qəbul edilmədiyini vurğulayıb. İş materiallarında ofisinin “Abzas Media”nın ofisinin içində olduğu iddia edilsə də, Mehralızadə ofisin harada olduğunu bilmədiyini və orada heç vaxt olmadığını bildirərək, anten məlumatlarının çıxarılması ilə bağlı vəsatətlərinin təmin edilmədiyini qeyd edib.
Xatırladaq ki, 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər. Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar. İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
Comments