Azərbaycanda Metro və Avtobus Gediş Haqqı Bahalaşdı
- Obyektiv Media
- Sep 29
- 1 min read

Azərbaycanda ictimai nəqliyyatda tariflər 20 faiz artırılıb.
Oktyabrın 1-dən etibarən Bakı Metrosunda bir gediş haqqı 0,6 manat ($0,35) təşkil edəcək. Şəhərdaxili avtobus nəqliyyatında gediş haqqı da eyni qiymətə olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası metro və avtobus marşrutları üzrə sərnişindaşımada yeni tariflər müəyyən edib. Bu barədə Nazirliyin sentyabrın 29-da yaydığı məlumatda bildirilir.
Qəbul olunmuş qərara əsasən, oktyabrın 1-dən Bakı Metrosunda bir gediş haqqının qiyməti 0,6 manat ($0,35) təşkil edəcək.
Müntəzəm şəhərdaxili (rayonlararası), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında minimum gediş haqqı da eyni olacaq.
Hazırda Bakı Metrosunda gediş haqqı və müntəzəm şəhərdaxili (rayonlararası), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında daxili avtobus daşımaları üzrə minimum tarif 0,5 manat ($0,29) təşkil edir.
Nazirliyin press-relizində daha sonra qeyd olunub: "Tariflərin dəyişməsi daşıyıcıların maliyyə dayanıqlığının artırılmasına, avtobus parkının yenilənməsinin sürətləndirilməsinə (yaxın illərdə təxminən 400 yeni avtobusun hər il alınaraq daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobuslardan istifadənin stimullaşdırılmasına və sərnişindaşımada şəffaflığın artırılmasına müsbət təsir göstərəcək".
Bundan əvvəl, sentyabrın 10-dan etibarən Bakı Hava Limanında taksi xidmətlərinə yeni tariflər müəyyən edilmişdi. Nəticədə hava limanından gedişlərin qiyməti 2 dəfə artmışdı.



Comments