top of page

Azərbaycan, Ermənistan və ABŞ Liderlərinin Birgə Bəyannaməsi

  • Obyektiv Media
  • Aug 9
  • 2 min read
ree

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyannamənin mətni dərc olunub.


Sənədin mətni aşağıdakı kimidir:


Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Nazirinin Amerika Birləşmiş Ştatlarının Kolumbiya dairəsi, Vaşinqton şəhərində keçirilən görüşlərinin yekunlarına dair birgə bəyannamə.


  1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald J. Tramp tərəflərin xarici işlər nazirləri tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin razılaşdırılmış mətninin paraf edilməsinin şahidi olduq. Bununla əlaqədar, biz Sazişin imzalanmasına və yekun ratifikasiyasına nail olmaq üçün sonrakı fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qeyd etdik və ölkələrimiz arasında sülhün qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq.

  2. Biz, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) ATƏT-in Minsk prosesi və onunla əlaqədar strukturların bağlanması barədə birgə müraciətin imzalanmasının şahidi olduq. Bütün ATƏT-in iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq.

  3. Biz regionda və onun qonşularında sülh, sabitlik və rifahın təşviqi məqsədilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında ölkələr arasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılmasının vacibliyini təsdiqlədik. Bu səylərə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçən, Ermənistan Respublikası üçün beynəlxalq və daxili əlaqələr baxımından qarşılıqlı fayda verən maneəsiz əlaqə daxildir.

  4. Ermənistan Respublikası öz ərazisində "Trampın Sülh və Rifah naminə Beynəlxalq Marşrutu" (TRIPP) layihəsinin əlaqələndirilməsi çərçivəsini işləyib hazırlamaq üçün Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcək. Biz bu məqsədə ən qısa müddətdə nail olmaq üçün səylərimizi vicdanla davam etdirmək əzmində olduğumuzu təsdiqləyirik.

  5. Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişələrlə bağlı olmayan parlaq gələcəyə yol açmağın zəruriliyini qəbul edirik. Xalqlarımız üçün böyük insan əzabları gətirmiş münaqişədən sonra nəhayət beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi əsasında xoş qonşuluq münasibətləri qurmağa başlamaq üçün şərait yaradılıb. Dəyişdirilə bilməyən və heç vaxt dəyişdirilməməli olan bu reallıq xalqlarımız arasında düşmənçilik səhifəsini bağlamağa yol açır. Biz indi və gələcəkdə revanşa yönəlmiş istənilən cəhdləri qətiyyətlə rədd edir və istisna edirik.

  6. Biz bu sammitin regionda qarşılıqlı hörmət və sülhün irəliləməsi üçün möhkəm zəmin olduğuna əminliyimizi ifadə edirik.

  7. Biz bu mühüm sammitin keçirilməsində göstərdiyi səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli münasibətlərin normallaşmasına verdiyi əhəmiyyətli töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald J. Trampa dərin minnətdarlığımızı bildiririk.


Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində, Amerika Birləşmiş Ştatlarının Kolumbiya dairəsi, Vaşinqton şəhərində imzalanmışdır.


İmzalandı:


  • İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

  • Nikol Paşinyan, Ermənistan Respublikasının Baş Naziri


Şahid:


  • Donald J. Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti.

Comments


bottom of page