top of page

Azərbaycan və Ermənistan Uzunmüddətli Münaqişəyə Son Qoymaq Üçün Yeni Qərarlar Qəbul Etməyə Hazırlaşır

  • Obyektiv Media
  • Aug 8
  • 2 min read
ree

Cümə günü, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında illərdir davam edən münaqişəyə son qoyulması və iki ölkə arasında əlaqələrin normallaşdırılması ilə bağlı razılaşmaları və öhdəlikləri təsdiqləyəcək sənədlər imzalanacaq.


Ağ Evdə akkreditə olunmuş jurnalist Aleks Raufoglunun Vaşinqtondakı mənbələrə istinadən verdiyi məlumata görə, xüsusən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə "Sülhə aparan konkret yol"u və əlaqələrin tam normallaşmasını təsdiqləyən Birgə Bəyannamə imzalayacaqlar.


Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan tərəflərin bu ilin martında razılaşdırdıqları sülh sazişini paraflayacaqlar. Tərəflər, həmçinin, 1992-ci ildə iki ölkə arasındakı münaqişəni nizamlamaq məqsədilə yaradılmış Minsk Qrupundan çıxmaq barədə ATƏT-ə birgə məktub imzalayacaqlar. 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsi ətrafındakı əraziləri üzərində nəzarəti bərpa etməsi ilə Minsk Qrupu faktiki olaraq fəaliyyətini dayandırıb.


Vaşinqton görüşünün mərkəzi elementi Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı yeni kommersiya və infrastruktur layihəsi haqqında sazişin imzalanması olacaq. TRIPP Ermənistanın cənubundan keçən tranzit marşrutu yaradacaq və Azərbaycana Bakıda Zəngəzur dəhlizi adlandırılan Naxçıvan anklavına maneəsiz çıxış təmin edəcək.


Vaşinqtondakı mənbələrin qeyd etdiyi kimi, bu marşrut Ermənistanın "suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını" qoruyacaq. TRIPP hərbi və ya müdafiə təşəbbüsü deyil. Rəsmilər ABŞ-ın "sərt təhlükəsizlik zəmanətləri" vermədiyini və bu marşrutda qoşun yerləşdirməyəcəyini açıq şəkildə bildiriblər. ABŞ-ın iştirakı yalnız kommersiya xarakterli olacaq: ABŞ "top-class operatorlarla" sazişlər vasitəsilə "bütün tərəflər üçün marşrutun təhlükəsiz istismarını" təmin etmək məsuliyyətini öz üzərinə götürəcək.


Bundan əlavə, Bakı və Vaşinqton "Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının inkişafı məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalamağı planlaşdırırlar.


Trampın Ermənistan və Azərbaycan liderləri ilə görüşləri Vaşinqton vaxtı ilə saat 14:00-dan sonra başlayacaq.

Comments


bottom of page