Abzas Media Jurnalistləri Barədə Höküm Qüvvədə Saxlanılıb
- Obyektiv Media
- Sep 10
- 1 min read

Abzas Media işi üzrə təqsirləndirilənlərin apellyasiya şikayəti təmin edilməyib. Sentyabrın 9-da hakim Zəfər Əhmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi bu işin fiqurantları barədə hökmü qüvvədə saxlayıb.
Bu zaman təqsirləndirilən qadın jurnalistlər qeyri-obyektiv məhkəməyə etiraz əlaməti olaraq üzərində “Azad media susdurula bilməz”, “Jurnalistika cinayət deyil”, “Korrupsiyaya son!” və “İlham Əliyev, gəlirlərini bəyan et” şüarları yazılmış plakatlar açıblar.
Məhkəmənin mühafizəçiləri təqsirləndirilənlərin plakatlarını alaraq cırıblar.
Abzas Media onlayn nəşrinin 5 əməkdaşı—nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, tərcüməçi Məhəmməd Kekalov, müxbirlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin Turan İnformasiya Agentliyinin iqtisadi şöbəsinin müdiri, araşdırmaçı-jurnalist Hafiz Babalı 2023-cü ilin noyabr-2024-cü ilin yanvar aylarında xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Daha sonra bu işlə bağlı “Radio Azadlıq”ın iqtisadi icmalçısı Fərid Mehralızadə də həbs edilib.
İlkin istintaqın yekunlarına görə, 2024-cü ilin avqust ayında işin fiqurantlarına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha 6 maddəsi ilə ittiham irəli sürülüb.
Onlar ittihamları rədd edərək bildiriblər ki, jurnalist araşdırmalarına görə təqib olunurlar.
20 iyun 2025-ci il tarixində məhkəmə azərbaycanlı onlayn nəşr Abzas Media-nın jurnalist və əməkdaşlarını uzunmüddətli həbs cəzasına məhkum edib. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova hər biri 8 il, Məhəmməd Kekalov isə 7,5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Abzas Media işi 2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil medianın jurnalistlərinin həbslərinin başlanğıcı olub.
Oxşar ssenari ilə bir neçə cinayət işi başlanılıb, o cümlədən müstəqil onlayn resursların—Toplum TV və Meydan TV-nin əməkdaşları kollektiv şəkildə həbs olunublar.



Comments