AB Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyi gücləndirəcək
- Obyektiv Media
- Sep 1
- 1 min read

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfərindən sonra bildirib ki, Avropa İttifaqı yaxın tərəfdaş kimi Azərbaycan və Ermənistan arasında münasibətlərin tam tənzimlənməsində öz rolunu davam etdirəcək.
O, X sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətindəki həmkarları ilə birlikdə Azərbaycanda bir sıra görüşlər keçirib.
Qrono qeyd edib ki, Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə müzakirələr aparılıb.
Görüşlər zamanı əsas diqqət Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqa və Vaşinqtonda əldə olunan “tarixi razılaşmalara” əsaslanan regionun dinc gələcəyi mövzusuna yönəlib.
Qrono həmçinin bildirib ki, Avropa İttifaqı tam normallaşmanın bütün aspektlərinə, o cümlədən regionda əlaqələrin inkişafına, sülhün bərpasına, humanitar məsələlərin və keçmişin irsi ilə bağlı problemlərin həllinə dəstəyi gücləndirməyə hazırdır.
Qrono Naxçıvana səfərini xüsusi qeyd edərək deyib: “Mən həmçinin Naxçıvana səfər etdim, orada Prezidentin nümayəndəsi Fuad Nəcəfli ilə görüşdüm və Avropa İttifaqının mümkün iştirakı məqsədilə yerində nəqliyyat infrastrukturunun vəziyyəti ilə tanış oldum”.
Onun sözlərinə görə, Avropa İttifaqı yaxın tərəfdaş kimi regionda münasibətlərin tam normallaşması istiqamətində fəaliyyətini davam etdirəcək.
Qrononun Azərbaycana səfəri ilə bağlı paylaşımlarına əsasən, o, görüşlər zamanı insan haqları və demokratiyanın inkişafı ilə bağlı məsələləri qaldırmayıb.
Comments