top of page

Əliyev və Paşinyan Vaşinqtonda görüşəcək?

  • Obyektiv Media
  • Aug 4
  • 1 min read
ree

Bu cümə, avqustun 8-də, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşü planlaşdırılır. Bu barədə Ağ Evdə və ABŞ Dövlət Departamentində akkreditasiyadan keçmiş vaşinqtonlu jurnalist Aleks Raufoğlu mənbələrə istinadən məlumat yayıb.


"... Çoxsaylı mənbələr mənə təsdiqləyir ki, Ermənistan və Azərbaycan bu həftənin sonunda Vaşinqtonda sülh əldə etmək niyyətlərini elan etməyə hazırdır. Mənbələrin məlumatına görə, Trampın cümə günü Nikol Paşinyan və İlham Əliyevi Ağ Evdə qəbul edəcəyi gözlənilir", - deyə Raufoğlu "X" sosial şəbəkəsində yazıb.


Keçid: https://x.com/ralakbar/status/1952217011431321670. Bakı və İrəvan hələlik bu məlumata münasibət bildirməyib.

Bundan əvvəl Əliyev və Paşinyan iyulun 10-da Əbu-Dabidə vasitəçilər olmadan görüşüblər.


Görüşün yekunlarına əsasən, Bakı və İrəvan bəyan ediblər ki, "ikitrəfli danışıqlar normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli formatdır və bu əsasda nəticəyə yönəlmiş dialoqu davam etdirmək qərara alınıb".

Bundan əvvəl, mart ayında tərəflər sülh müqaviləsinin mətnini razılaşdırdıqlarını bildirmişdilər.


Bakıdakı iqtidaryönlü ekspertlər sülh müqaviləsinin bu ilin sonuna qədər paraflana biləcəyini ehtimal edirlər. Bakıda hesab edirlər ki, müqavilənin yekun imzalanması Ermənistan Konstitusiyasından “Dağlıq Qarabağ”a dair qeydlər ləğv edildikdən və tərəflər ATƏT-ə Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət etdikdən sonra baş tutmalıdır. Qrup 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məqsədilə yaradılıb və 2020-ci il 44 günlük müharibədən sonra faktiki olaraq fəaliyyətini dayandırıb.

Comments


bottom of page