top of page

Məhkəmə fəalın işgəncə şikayətini araşdırmaqdan imtina etdi

  • Obyektiv Media
  • Aug 21
  • 1 min read
Elvin Mustafayev
Elvin Mustafayev

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə həmkarlar ittifaqı fəalı Elvin Mustafayevin cəza rejiminin sərtləşdirilməsi ilə bağlı şikayətinə dair məhkəmə iclası keçirilib.


O, məhkəməyə əvvəllər saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində ona qarşı qeyri-insani rəftar barədə məlumat verib.

Döyülmə nəticəsində bir neçə gün qulaqlarından qan gəlib və yara irinləyib. O bildirib ki, hələ də eşitmə problemləri var.


Fəalın vəkili Zibeydə Sadıqova işgəncə faktının araşdırılması üçün məhkəmə vasitəsilə prokurorluğa müraciət etsələr də, hələ də cavab almadıqlarını bildirib.


Buna görə də o, apellyasiya məhkəməsindən prokurorluğa sorğu göndərilməsini xahiş edib.

Lakin məhkəmə heyəti müdafiənin bu tələbini rədd edib.


Mustafayevin 6 saylı cəzaçəkmə müəssisəsindən qapalı rejimli Qobustan həbsxanasına köçürülməsi barədə qərardan verdiyi apellyasiya şikayətinə baxılması sentyabrın 3-nə təxirə salınıb.


Mustafayev həbsdə olan siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb edən aclıq aksiyasına görə mayın 6-da təkadamlıq kameraya salınıb.


Fəal mayın 19-da təkadamlıq kameradan çıxarılmalı olsa da, onun saxlanma müddəti iki dəfə – 10 gün və 1 ay uzadılıb.


O, vəkilinə bildirib ki, təkadamlıq kamerada "xüsusilə amansız zorakılığa" məruz qalıb və qulaq infeksiyasına yoluxub.

"İşçi Platforması" alternativ həmkarlar ittifaqları konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü ilin avqustunda qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq saxlanılıb.


2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edərək, bunu həmkarlar ittifaqı fəaliyyəti ilə əlaqələndirib.


Sözügedən həmkarlar ittifaqı təşkilatının daha üç fəalı – Afiyəddin Məmmədov, Ayxan İsrafilov və Möhyəddin Orucov da həbsdədir.


Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.

Comments


bottom of page