Abzas Media Jurnalistlərinə Qarşı Qəddar Rəftarı Beynəlxalq Jurnalist Təşkilatları Pisləyib
- Obyektiv Media
- Jul 29
- 3 min read
Updated: Aug 2

Doqquz beynəlxalq jurnalist təşkilatı Azərbaycanda onlayn nəşr olan Abzas Media-nın həbsdə olan jurnalistlərinə qarşı qəddar rəftara diqqət çəkmək məqsədilə birgə bəyanatla çıxış edib.
"Biz, aşağıda imza atan mətbuat azadlığını, söz azadlığını müdafiə edən və jurnalist təşkilatları olaraq, Abzas Media-dan olan həbsdəki azərbaycanlı jurnalistlərə qarşı qəddar rəftarın artmasından dərin narahatlığımızı ifadə edir və Azərbaycan hakimiyyətini beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakta riayət etməyə çağırırıq", - sənəddə deyilir.
Onlar jurnalistlərin saxlanma şəraitinin insana layiq və ləyaqətli olmasını, onlara dərhal tibbi və hüquqi yardımın göstərilməsini tələb ediblər.
Bəyanatı imzalayanlar Azərbaycan hakimiyyətini Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə riayət etməyə çağırıblar.
"Abzas Media-nın direktoru Ülvi Həsənli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2025-ci il tarixində onu doqquz il müddətinə azadlıqdan məhrum etməsindən sonra Ubağıdakı ucqar həbsxanada qəbuledilməz şəraitdə saxlanılır. O, gəldiyi gündən təmiz paltardan məhrum edilib və gəldiyi paltarları geyinməyə məcbur edilir. Bundan əlavə, sınıq çarpayıda yatmaq məcburiyyətindədir ki, bu da onun sağlamlığına mənfi təsir göstərir. Ailəsinin sözlərinə və Meydan TV-nin məlumatlarına görə, iki təcridxana əməkdaşı onu döyüb, nəticədə paltarları cırılıb və ayağı zədələnib", - bəyanatda qeyd edilib.
Məhkəmənin qərarına əsasən Həsənli Bakı İstintaq Təcridxanasında qalmalı olsa da, Penitensiar Xidmət onu başqa yerdə saxlamağa davam edir. Həsənli daha əvvəl ona qarşı qanunsuz rəftara etiraz olaraq doqquz günlük aclıq elan etmişdi. İyulun 20-də məhkəmə qərarından iki həftə keçməsinə baxmayaraq, köçürülmədiyi üçün aclığı bərpa edib.
Onun həmkarları – eyni iş üzrə doqquz il azadlıqdan məhrum edilmiş Sevinc Vaqifqızı, eləcə də səkkiz il azadlıqdan məhrum edilmiş Nərgiz Absalamova və Elnarə Qasımova – ona dəstək olaraq aclığa qoşulublar və bunu müddətsiz elan ediblər. Onların əsas tələbi Həsənlini Bakı İstintaq Təcridxanasına qaytarmaqdır. İyulun 22-də hər üç jurnalist kameradan çıxarılaraq duş, ventilyasiya və açıq pəncərəsi olmayan təcrid olunmuş otaqlara yerləşdirilib. Absalamova yüksək rütbəli həbsxana əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalıb, nəticədə qollarında görünən xəsarətlər əmələ gəlib.
"Biz Azərbaycan hakimiyyətini cənab Həsənlini bu iş üzrə əvvəllər çıxarılmış məhkəmə qərarına uyğun olaraq Bakı İstintaq Təcridxanasına köçürməyə çağırırıq. Biz həmçinin onun həbsdə olan həmkarları ilə qanuni rəftarı və onların hüquqlarına riayət edilməsini tələb edirik: bu şəxslərə qarşı özbaşına təcrid, ilkin ehtiyaclardan məhrum etmə, fiziki zorakılıq və məcburi tədbirlərin tətbiqi dayandırılmalıdır", - bəyanatın sonunda deyilir və sənədi imzalayanlar bunlardır: Jurnalistlər üçün Ədalət Fondu, Avropa Jurnalistlər Federasiyası (EFJ), Beynəlxalq Mətbuat İnstitutu (IPI), Avropa Mətbuat Azadlığı və Media Mərkəzi (ECPMF), Sensura İndeksi, Jurnalistləri Müdafiə Komitəsi (CPJ), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Sərhədsiz Reportyorlar (RSF) və Rory Pek Fondu (RPT).
İyulun 28-də Vaqifqızı, Qasımova və Absalamova sağlamlıq vəziyyətlərinin pisləşməsi səbəbindən aclığı dayandırıblar, xəstə valideynləri jurnalistlər üçün narahat olurdular.
Qadınlar Həsənlini də anasının ürək xəstəliyini nəzərə alaraq aclığı dayandırmağa çağırıblar. Onlar Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb ediblər.
Abzas Media onlayn nəşrinin beş əməkdaşı, o cümlədən direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, tərcüməçi Məhəmməd Kekalov, müxbirlər Nərgiz Absalamova və Elnarə Qasımova, eləcə də Turan informasiya agentliyinin iqtisadi şöbəsinin müdiri, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər.
İlkin istintaqın nəticələrinə görə, 2024-cü ilin avqustunda işin fiqurantlarına Azərbaycan Cinayət Məcəlləsinin daha altı maddəsi ilə ittiham irəli sürülüb.
Onlar ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib olunduğunu bildiriblər.
20 iyun 2025-ci il tarixində məhkəmə Azərbaycanın Abzas Media onlayn nəşrinin jurnalistlərini və əməkdaşlarını uzunmüddətli cəzaya məhkum edib. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehrəlizadə hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova hər biri 8 il, Məhəmməd Kekalov isə 7 il azadlıqdan məhrum edilib.
Abzas Media işi 2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil media jurnalistlərinin həbslər silsiləsinin başlanğıcı olub.
Oxşar ssenari üzrə bir neçə cinayət işi, o cümlədən müstəqil onlayn resursların – Toplum TV və Meydan TV-nin əməkdaşlarının kütləvi həbsləri də daxil olmaqla, başlanılıb.



Comments