top of page

AŞPA məruzəçisi Abzas Media işi üzrə məhkum olunmuşların hökmünün təsdiqlənməsini pisləyib

  • Obyektiv Media
  • 5 hours ago
  • 2 min read
AŞPA məruzəçisi Azərbaycanda Abzas Media jurnalistlərinə verilən həbs cəzalarının təsdiqlənməsini pisləyir, mətbuat azadlığı və insan hüquqları ilə bağlı narahatlıqları vurğulayır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” mövzusu üzrə məruzəçisi Kristof Lakrua (Belçika, Sosialistlər Qrupu) Azərbaycan Apellyasiya Məhkəməsinin Abzas Media işində məhkum olunmuşlara verilmiş hökmü təsdiqləməsini pisləyib.


"Bakı Apellyasiya Məhkəməsinin müstəqil “Abzas Media” nəşrinin yeddi jurnalistinin cəzasını qüvvədə saxlayan son qərarından dərin məyusluq hissi keçirirəm. Uzunmüddətli həbs cəzası alanlar arasında yaxınlarda 2025-ci il üzrə Vatslav Havel İnsan Hüquqları Mükafatı nominantlarının qısa siyahısına daxil edilən və əvvəllər AŞPA-nın dinləmələrində iştirak etmiş nəşrin direktoru Ülvi Həsənli də var. 2025-ci ilin iyununda cənab Həsənli doqquz il müddətinə azadlıqdan məhrum edilib və hazırda uzaq bir həbsxanada ağır şəraitdə saxlanılır, orada aclıq aksiyası keçirib və təkadamlıq kameradadır. Cənab Həsənli və həmkarlarına qarşı irəli sürülən, o cümlədən “qaçaqmalçılıq” ittihamları, görünür, xüsusilə korrupsiyanı işıqlandıran tənqidçiləri susdurmaq məqsədi güdür”, - deyə Lakrua bildirib.


O, təəssüflə qeyd edib ki, Abzas Media jurnalistlərinə çıxarılan hökmlər “tək-tək hallar deyil, Azərbaycanda müstəqil media nümayəndələrinə və vətəndaş cəmiyyətinə qarşı daha geniş və davamlı təzyiq sisteminin bir hissəsidir”.


“Mətbuat azadlığı hər bir fəaliyyət göstərən demokratiyanın təməl daşıdır. Müstəqil xəbərləri, xüsusən şəffaflıq və hesabatlılıq məsələlərində məhdudlaşdırmaq cəhdləri idarəçiliyin təməllərini sarsıdır.


Mən Azərbaycanın cəsur jurnalistləri və hüquq müdafiəçiləri ilə həmrəyəm. Onların işini dəstəkləmək öhdəliyimi bir daha təsdiq edirəm və Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyası çərçivəsində öhdəliklərinə uyğun olaraq onların azadlığa buraxılmasına nail olmağa davam edəcəyəm”, - AŞPA məruzəçisi əlavə edib.

O, Azərbaycan hakimiyyətini “konstruktiv dialoq yoluna qayıtmağa” çağırıb. “İnsan hüquqlarına hörmət, plüralizmin təşviqi və beynəlxalq ictimaiyyətdə tərəfdaşlarla konstruktiv əməkdaşlıq firavan və dinc gələcəyə doğru ən vacib addımlardır”, - deyə Lakrua yekunlaşdırıb.


Abzas Media onlayn nəşrinin beş əməkdaşı — direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, tərcüməçisi Məhəmməd Kəkalov, müxbirləri Nərgiz Absalamova və Elnarə Qasımova, habelə “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarınadək xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Daha sonra bu iş üzrə “Azadlıq Radiosu”nun iqtisadi icmalçısı Fərid Mehralızadə də həbs olunub.

2024-cü ilin avqustunda ilkin istintaqın yekunlarına əsasən, işin fiqurantlarına qarşı Azərbaycan Cinayət Məcəlləsinin daha altı maddəsi ilə ittiham irəli sürülüb.


Onlar ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib edildiklərini bildiriblər.


2025-ci il iyunun 20-də məhkəmə azərbaycanlı jurnalistlərə və “Abzas Media” internet nəşrinin əməkdaşlarına uzunmüddətli həbs cəzaları kəsib. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kəkalov isə 7,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Sentyabrın 8-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Abzas Media işi 2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil media jurnalistlərinin həbslər seriyasının başlanğıcı olub.


Oxşar ssenari ilə bir neçə cinayət işi, o cümlədən müstəqil onlayn resurslar - Toplum TV və Meydan TV-nin əməkdaşlarının kollektiv həbsləri ilə əlaqədar cinayət işləri açılıb.

Comments


bottom of page