AB-nin Sanksiyalarına Azərbaycan Tankerləri də Düşüb
- Obyektiv Media
- Jul 26
- 2 min read
Updated: Aug 2

AB-nin Rusiyanın Ukraynaya davam edən təcavüzü ilə əlaqədar qəbul etdiyi 18-ci sanksiya paketi çərçivəsində neft daşımaları ilə məşğul olan Azərbaycan gəmilərinə qarşı da tədbirlər görülüb.
Ümumilikdə, bu növbəti paketə Rusiya neftinin daşınmasında iştirak edən 105 tankerin adı daxil edilib. AB Şurasının 2025/1495 saylı Qərarına əsasən, bu gəmilərin AB-yə üzv ölkələrin limanlarına daxil olması, eləcə də dəniz daşımaları ilə bağlı geniş xidmətlər spektrindən istifadə etməsi qadağan olunur.
Haqqin.az-ın məlumatına görə, sanksiyalara düşən tankerlər arasında "Nizami Gəncəvi", "Qarabağ" və "Şuşa" da var. Bu gəmilər AB-nin "qara siyahısı"na Rusiya mənşəli xam neft və ya neft məhsulları daşıdıqları, yaxud qeyri-standart və ya riskli gəmiçilik metodlarından istifadə edərək Rusiyadan ixrac etdikləri əsasında salınıb.
"Şuşa" tankeri 2017-ci ildə Cənubi Koreyada tikilib, uzunluğu 250 metr, eni 44 metrdir və xam neft daşınması üçün nəzərdə tutulub. Gəminin sahibi Azərbaycanın "SA Shusha Shipholdings" şirkəti, operatoru isə digər Azərbaycan şirkəti olan "ASCO Shipmanagement AFEZCO"dur. Sonuncu 2023-cü ilin yanvarında dövlətə məxsus "ASCO" (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) bazasında təsis edilib və onun törəmə müəssisəsidir. Sahib və operator Bakıda eyni ünvanda qeydiyyatdan keçiblər. Hazırda "Şuşa" Aralıq dənizində üzür (gəmi iyulun 14-də Türkiyənin Nemrut limanından çıxıb və iyulun 27-də son təyinat məntəqəsinə çatması gözlənilir). Bu Azərbaycan tankerinin naviqasiya statistikası göstərir ki, son vaxtlar o, Türkiyə ilə Rusiya arasında hərəkət edir.
"Qarabağ" da 250x44 metr ölçülü, xam neft daşınması üçün nəzərdə tutulmuş bir gəmidir. O, 2018-ci ildə Yaponiyada tikilib. Sahibi "SA Karabakh Shipholdings", texniki meneceri (ISM meneceri) "ASCO Shipmanagement AFEZCO", kommersiya meneceri isə həmin "SA Karabakh Shipholdings"dir. Bu şirkətlər də Bakıda eyni ünvanda qeydiyyatdan keçiblər. Gəminin naviqasiya statistikası göstərir ki, son vaxtlar o da Türkiyə ilə Rusiya arasında hərəkət edir.
"Nizami Gəncəvi" (IMO 9369617, MMSI 273314230) 2006-cı ildə (19 yaş) tikilmiş tanker-kimyəvi maddə/neft məhsulları daşıyıcısıdır. Hal-hazırda Rusiya bayrağı altında üzür. Gəminin hazırkı yeri Xəzər dənizidir. Gəmi Okarem limanına gedir və oraya iyulun 24-ü saat 12:00-da çatması gözlənilir. Bu tanker İstanbulda qeydiyyatdan keçmiş "Palmali Shipping Service" şirkətinə məxsusdur (sahibi azərbaycanlı əsilli türk iş adamı Mübariz Mənsimovdur, - OM-in qeydi).



Comments