CPJ Abzas Media jurnalistlərinə qarşı zorakılığı qınadı
- Obyektiv Media
- Aug 14
- 1 min read

Jurnalistləri Müdafiə Komitəsi (CPJ), avqustun 12-də Apellyasiya Məhkəməsində Abzas Media işi üzrə ilkin dinləmə zamanı jurnalistlərə qarşı zorakılıq tətbiq edilməsini pisləyib.
Təşkilat jurnalistlərin bəraət alaraq dərhal azad edilməli olduğunu bildirib.
Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclası zamanı Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova zalın küncündə şüşə arxasında saxlanılırdılar.
Mikrofonlar işləmədiyindən vəkillərinin dediklərini eşidə bilmədikləri üçün etiraz ediblər. Hakim isə onları zaldan çıxarılmasını tələb edib.
Bu zaman Penitensiar Xidmət əməkdaşları onları kobud şəkildə itələyib.
Abzas Media onlayn nəşrinin beş əməkdaşı—direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, tərcüməçi Məhəmməd Kekalov, müxbirlər Nərgiz Absalamova və Elnarə Qasımova—həmçinin “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına kimi valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. 2024-cü ilin iyununda “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin iqtisadi şərhçisi Fərid Mehralızadə də bu işlə bağlı həbs olunub.
2024-cü ilin avqustunda ilkin istintaqın yekunlarına əsasən, işin fiqurantlarına Azərbaycan Cinayət Məcəlləsinin daha altı maddəsi ilə ittiham irəli sürülüb. Onlar ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib edildiklərini bildiriblər.
2025-ci il iyunun 20-də məhkəmə Abzas Media-nın jurnalistlərini və əməkdaşlarını uzunmüddətli həbs cəzalarına məhkum edib. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova hər biri 8 il, Məhəmməd Kekalov isə 7.5 il azadlıqdan məhrum ediliblər.
Abzas Media işi 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda müstəqil media jurnalistlərinin həbslər seriyasının başlanğıcı olub. Oxşar ssenari ilə bir neçə cinayət işi, o cümlədən müstəqil onlayn resurslar olan Toplum TV və Meydan TV əməkdaşlarının kollektiv həbsləri də baş verib.
Comments