top of page

Azərbaycanda "Müsəlman Birliyi" liderinin cəzalandırma rejimi sərtləşdirilib

  • Obyektiv Media
  • Jul 24
  • 2 min read

Updated: Aug 2

Taleh Bağırzadə
Taleh Bağırzadə

24 İyul 2025

Azərbaycanda "Müsəlman Birliyi" Hərəkatının (MBH) lideri, şiə ilahiyyatçısı Taleh Bağırzadənin cəzalandırma rejimi sərtləşdirilib. Onun yaxınları hesab edir ki, Bağırzadə məhbusların saxlanma şəraitinə etiraz etdiyi üçün cəzalandırılıb.


Taleh Bağırzadə tərəfdarları ilə birlikdə dini ənənələri ilə tanınan Bakıətrafı Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatı zamanı saxlanılıb.


O, hakimiyyəti zorla ələ keçirməyə cəhd, terrorçuluq, qanunsuz silah dövriyyəsi, xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının qəsdən öldürülməsində iştirakda ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 2025-ci ilin fevralında AİHM Bağırzadənin həbsdən əvvəl saxlanılmasını qanunsuz hesab edib və ona mənəvi zərərin əvəzi olaraq 3900 avro, məhkəmə xərclərinin əvəzi olaraq isə əlavə 500 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.


Taleh Bağırzadə 12 saylı cəzaçəkmə müəssisəsindən "Ubaqı" penitensiar kompleksində yerləşən qapalı tipli həbsxanaya köçürülüb və cəzasını orada çəkməyə davam edəcək.


Qaradağ Rayon Məhkəməsi bu qərarı iyulun 18-də 12 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatına əsasən qəbul edib. Bu barədə ilahiyyatçının yaxınları məlumat veriblər.


Eyni mənbəyə görə, Bağırzadə məhbusların saxlanma şəraitinə etiraz etdiyi üçün cəzalandırılıb.


Bir ay əvvəl koloniyada dam çökmüş, bir məhbus ölmüşdü. Bu hadisədən sonra zədələnmiş binalar bağlanmış, bəzi məhbuslar başqa koloniyaya köçürülmüşdü.


Lakin məhbusların əksəriyyəti 12 saylı cəzaçəkmə müəssisəsinin digər bloklarına yerləşdirilib. Bağırzadənin qohumu bildirib ki, "Bu, sıxlığa səbəb oldu. Məsələn, 200 nəfərlik blokda məhbusların sayı 400-500-ə qədər artdı."


Onun sözlərinə görə, ilahiyyatçı barakda damın çökdükdən sonra idarəçiliyin fəaliyyətsizliyindən də narahat olub. Qapıların vaxtında açılmaması səbəbindən basabas yaranmış, nəticədə bir çox məhbus zədələnmişdi.


Məhbusların onlara qarşı belə münasibətə etiraz etmələri səbəbindən, isti havada gün ərzində iki dəfə koloniya həyətində düzülmüşdülər. Bağırzadə düzülüşə çıxmaqdan imtina edərək, koloniyadakı binaların təmiri üçün məhkumların başqa müəssisəyə köçürülməsini tələb edib. Buna görə də onu təkadamlıq kameraya salıblar: əvvəl 3 günə, sonra 5 günə, daha sonra isə 12 günə. Nəticədə o, cəza kamerasında bir aydan çox vaxt keçirib, indi isə qapalı həbsxanaya köçürülüb, mənbə davam edib.


O, vurğulayıb ki, qapalı həbsxanada saxlanma şəraiti sərtdir, yaxınları ilə görüşlər və telefon danışıqları daha az verilir, məhbuslar tək və ya ikinəfərlik kameralarda saxlanılırlar. İlahiyyatçının qohumu bildirib ki, "Məqsəd Talehin digər məhbuslardan maksimum təcrid edilməsidir."


Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Comments


bottom of page