top of page

Əliyev Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitdə iştirak etməyəcək

  • Obyektiv Media
  • Dec 22, 2025
  • 2 min read
Prezident İlham Əliyev iş qrafikinin sıxlığı səbəbindən Sankt-Peterburqdakı qeyri-rəsmi MDB sammitinə qatılmır. AZAL təyyarə qəzasından sonrakı diplomatik gərginlik və Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti haqqında ətraflı məlumat burada.
Azərbaycan Prezidenti İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək.


Azərbaycan Prezident Administrasiyası Əliyevin dekabrın 21-də Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB-nin bugünkü qeyri-rəsmi sammitində iştirak etməməsinin səbəblərinə aydınlıq gətirib.


Azərbaycan dövlət başçısının administrasiyasının məlumatında deyilir ki, Prezident İlham Əliyev dekabrın 21-də keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü olmadığı üçün iştirak etməyib.

MDB dövlət başçılarının qeyri-rəsmi Sammitində isə Əliyev "iş qrafikinin sıxlığı səbəbindən iştirak edə bilməyəcək".


Eyni zamanda, administrasiyadan xatırladıblar ki, "Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi sammitlərində mütəmadi iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına mühüm əhəmiyyət verir".

Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Düşənbə şəhərində (Tacikistan) keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Məlumatın sonunda deyilir: "İclas çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə keçirilən görüşlər məhsuldar olub".


Qeyd edək ki, Azərbaycan Prezidenti Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan "təyyarə böhranı"ndan sonra Rusiyaya səfər etməyib.


25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhərinin hava limanında "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysi üzrə uçan təyyarəsi qəzaya uğrayıb, 38 nəfər həlak olub. Azərbaycan Nəqliyyat Nazirliyi təyyarənin Rusiya hava məkanında xarici təsir nəticəsində zədələndiyini bəyan edib.

Bakı Rusiya tərəfindən üzr istənilməsini, kompensasiya ödənilməsini və təqsirkarların cəzalandırılmasını tələb edib. Bu şərtlərin yerinə yetirilməməsi ikitərəfli münasibətlərdə gərginliyə səbəb olub.

Oktyabrın 9-da Düşənbədə Əliyevlə görüşündə Putin təyyarənin Rusiya HHM (Hava Hücumundan Müdafiə) sisteminin fəaliyyəti nəticəsində məhv edildiyini etiraf edib.


Lakin onun sözlərinə görə, Rusiyanın HHM sistemi tərəfindən atılan iki raket AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr yaxınlıqda partlayıb.

Rusiya prezidentinin sözlərinə görə, "layner, çox güman ki, birbaşa vurucu elementlərlə deyil, qırıntılarla zədələnib". O qeyd edib ki, aviaqəzanın səbəbləri həm də səmada Ukrayna pilotsuz uçuş aparatının olması ilə bağlıdır.


Putin azərbaycanlı həmkarına xatırladıb ki, aviaqəzanın Rusiya səmasında baş verməsinə görə üzr istəyib (bu, dekabrın 28-də baş tutan telefon danışığında olub, həmin vaxt Putin hadisənin Rusiya Federasiyasının hava məkanında baş verməsinə görə üzr istəmişdi). Rusiya lideri AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha başsağlığı verərək qeyd edib ki, Rusiya aviaqəza ilə bağlı istintaqa hər cür köməklik göstərir.

Lakin o vaxtdan bəri Rusiyada təyyarənin məhv edilməsinə görə kiminsə məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumat yoxdur.

Həmçinin qəza nəticəsində həlak olanların ailələrinə və sağ qalanlara kompensasiya ödənilməyib. (Kompensasiyanı yalnız Rusiya sığorta şirkəti uçuşların ümumi sığortası çərçivəsində ödəyib, təyyarənin xarici təsir nəticəsində məhv edilməsinə görə kompensasiya ödənilməyib).


Dekabrın 9-da Əliyev və Putinin görüşündən sonra həbs edilənlərin qarşılıqlı azad edilməsi baş tutub.

Bakı "Sputnik Azərbaycan" agentliyinin rəhbərlərini, Moskva isə Azərbaycan diasporunun iki nümayəndəsini azad edib.

Eyni zamanda, Moskva Yekaterinburq və digər regionlarda Azərbaycan diasporunun onlarla nümayəndəsini saxlayır.

Azərbaycanda isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş 10-a yaxın Rusiya vətəndaşı həbsdə qalmaqdadır.

Comments


bottom of page