Türkiyə İsraillə Bütün İqtisadi Əlaqələri Kəsir
- Obyektiv Media
- Aug 29
- 2 min read

Türkiyə İsraillə bütün iqtisadi və ticarət əlaqələrini kəsir və İsrail təyyarələri üçün hava məkanını bağlayır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağındakı vəziyyətlə bağlı növbədənkənar iclasın keçirildiyi Türkiyə parlamentindəki çıxışı zamanı deyib.
Anadolu agentliyi Fidanın sözlərini sitat gətirir: “İki ildir İsrail Qəzzada soyqırım törədir və bütün dünyanın gözü qarşısında əsas insani dəyərlərə məhəl qoymur. Biz Fələstin xalqının Qəzzadan deportasiyasını nəzərdə tutan plana qarşı çıxırıq. Kimin təqdim etməsindən asılı olmayaraq, belə bir plan bizim üçün etibarsızdır”.
Onun sözlərinə görə, Ankara həmfikir ölkələrlə birlikdə İsrailin BMT Baş Assambleyasının işində iştirakının tamamilə dayandırılmasına nail olmağa davam edəcək.
Fidan vurğulayıb: “Qərb ölkələrində İsrailin törətdiyi soyqırıma görə ictimai qəzəb artır. Hökumətlər artıq buna məhəl qoya bilmədiklərini bəyan edirlər. Bu reaksiyanın daha kollektiv olması son dərəcə vacibdir. Bu çərçivədə biz İsraillə ticarəti dayandırmaq, İsrailin BMT Assambleyasında iştirakını tam dayandırmaq və İsrailə silah və sursat tədarükünü dayandırmaq üçün həmfikir ölkələrlə birlikdə addımlar atmağa davam edəcəyik”.
O qeyd edib ki, “Türkiyənin səyləri sayəsində əvvəllər İsraili dəstəkləyən ölkələr də iki dövlətli həll yolu” – Fələstin və İsrail ideyasını müdafiə etməyə başlayıblar.
Xarici işlər naziri bildirib: “Böyük Britaniya, Fransa, Kanada, Malta, Yeni Zelandiya, Portuqaliya və Avstraliya kimi ölkələr Fələstin Dövlətini tanımaq niyyətində olduqlarını bəyan ediblər. Bu, Fələstin məsələsi kontekstində beynəlxalq diplomatiyada tarixi bir dönüş nöqtəsidir”.
Fidan Türkiyənin diplomatik səylərinin iki istiqamətdə cəmləşdiyini deyib. Bunlar “davam edən soyqırım və müharibənin dərhal dayandırılmasını və humanitar yardımın dərhal çatdırılmasını təmin etməkdir”.
“İkinci istiqamət iki dövlətli həll yolunu gündəmdə saxlamaq və onun beynəlxalq səviyyədə tanınmasını təmin etməkdir. İsrail beynəlxalq hüquqa məhəl qoymayaraq Fələstində öz sərt siyasətini davam etdirsə, bu, şübhəsiz ki, regional və qlobal nəticələrə səbəb olacaq. Buna görə də bölgəmizdəki gərginliyi azaltmaq və sülh təşəbbüslərini irəli sürmək üçün aparıcı oyunçularla əlaqələrimizi davam etdirəcəyik”, - deyə o bildirib.
Xarici işlər naziri həmçinin qeyd edib: “Biz Suriyanın qədim və dəyərli icmalarının bu təhrif olunmuş (ərazi bütövlüyünə zidd olan) məqsədlər üçün istifadə edilməsinə imkan verməyəcəyik”.
Comments