Məhəmməd Kekalova vəkili ilə danışmağa icazə verilməyib
- Obyektiv Media
- Aug 12
- 1 min read

Abzas Media işi üzrə məhkum edilmiş tərcüməçi Məhəmməd Kekalovun Umbakı cəzaçəkmə müəssisəsində vəkili ilə telefonla danışmaq hüququ məhdudlaşdırılıb.
Kekalovun yaxınlarının verdiyi məlumata görə, avqustun 12-də ona vəkili ilə danışmağa icazə verilməyib. Müəssisə əməkdaşları onun əlindən telefon dəstəyini alıblar. Kekalova bildirilib ki, o, yalnız cəzaçəkmə müəssisəsinin rejim rəisinin icazəsindən sonra zəng edə biləcək.
Abzas Media internet nəşrinin beş əməkdaşı, o cümlədən direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, tərcüməçi Məhəmməd Kekalov, müxbirlər Nərgiz Absalamova və Elnarə Qasımova, eləcə də Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarınadək xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. 2024-cü ilin iyununda bu iş üzrə "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin iqtisadi icmalçısı Fərid Mehralızadə də həbs edilib.
2024-cü ilin avqustunda aparılan ilkin istintaqın nəticələrinə əsasən, işin fiqurantlarına Azərbaycan Cinayət Məcəlləsinin daha altı maddəsi üzrə ittiham irəli sürülüb. Onlar ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib olunduqlarını bildiriblər.
2025-ci il iyunun 20-də məhkəmə Abzas Media-nın jurnalistlərini və əməkdaşlarını uzunmüddətli həbs cəzasına məhkum edib. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 6,5 il azadlıqdan məhrum edilib.
Abzas Media işi 2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil media jurnalistlərinin həbslərinin başlanğıcı olub. Oxşar ssenari ilə, o cümlədən Toplum TV və Meydan TV kimi müstəqil onlayn resursların əməkdaşlarının kollektiv həbsləri ilə bir neçə cinayət işi başlanıb.



Comments