Milli Məclis Rusiyanı Azərbaycan əleyhinə kampaniyada ittiham edib
- Obyektiv Media
- Sep 2
- 1 min read

Rusiya Federasiyasının ərazisindən genişmiqyaslı Azərbaycan əleyhinə informasiya kampaniyası başladılıb, Milli Məclisin Xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizə Komissiyasının bəyanatında bildirilir.
Sənəddə qeyd olunur ki, kampaniya avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə” telekanalına verdiyi müsahibə yayımlandıqdan dərhal sonra başlayıb.
Bəyanatda daha sonra deyilir: "Monitorinq zamanı müəyyən edilib ki, Azərbaycan Prezidentinin aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılıb və Rusiya oxucularına saxtalaşdırılmış və ya təhrif olunmuş şəkildə təqdim edilib".
Parlament komissiyası qeyd edir ki, "Rusiya cəmiyyətində Azərbaycan əleyhinə təbliğatı alovlandırmaq məqsədi ilə təşkil olunmuş kampaniya telekanallar, xəbər saytları, sosial şəbəkələr və müəyyən nüfuza malik radikal düşüncəli şəxslər vasitəsilə həyata keçirilir".
"Kampaniya zamanı Rusiyada fəaliyyəti qadağan və məhdudlaşdırılmış Facebook, Instagram və X kimi platformalardan, habelə digər ölkələrin vətəndaşları adından yaradılmış sosial şəbəkə profillərindən və botlardan geniş istifadə olunur", - bəyanatda vurğulanır.
Bəyanatda qeyd olunur ki, kampaniyanın digər parlaq elementi sosial şəbəkələrin Azərbaycan seqmentinin hədəfli reklam vasitəsi kimi seçilməsi və oraya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hədələyici məlumatların daxil edilməsi olub.
"Qeyd edək ki, bu cür iyrənc kampaniyalar Azərbaycan cəmiyyətində ictimai fikrə heç bir təsir göstərmir. Yalan faktlara əsaslanan bu fəaliyyət Rusiya cəmiyyətində yalnız qızışdırıcılığı artırır və qonşu dövlətlərlə əsassız düşmənçiliyə gətirib çıxarır. Rusiyanı narahat edən "rusofobiya" sindromunun kökləri Z-bloggerlərin fəaliyyətində axtarılmalıdır", - bəyanatda bildirilir.
Xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizə Komissiyası müvafiq dövlət orqanları ilə birlikdə "dövlətimizə qarşı bu qeyri-dost hərəkətləri diqqətlə izləyir və müvafiq qabaqlayıcı tədbirlər görməyə davam edir".
Comments