top of page

Həbsdəki Aktivist Hacı Vəliyev: Aclıq Aksiyası Fonunda Sağlamlığı Pisləşir, Müraciətlər Cavabsız Qalır, Ev Dustaqılığı Rədd Edilir

  • Obyektiv Media
  • Jul 21
  • 2 min read

Updated: Aug 2

Haji Valiye
Haji Valiye

Bakı, Azərbaycan – İctimai fəal, hazırda fəaliyyətini dayandırmış "Gənc Qazilər" İctimai Birliyinin sabiq sədri Hacı Vəliyev həbsdə aclıq aksiyasını davam etdirir və onun səhhəti ciddi şəkildə pisləşir. Onunla bağlı rəsmi qurumlara edilən müraciətlər cavabsız qalıb, ev dustaqlığına buraxılması barədə məhkəmə vəsatəti isə iyulun 18-də rədd edilib.


İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunur. Vəliyev ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.


Onun aclıq aksiyası iyunun 21-də "ədalətsiz mühakiməsinə" və "ədalətsiz məhkəmə hökmünə" etiraz olaraq başlayıb. İyulun 18-nə qədər o, 28 gündür aclıq edir. Ailəsi və yaxınları onun sürətlə pisləşən səhhətindən ciddi narahatlıq ifadə ediblər. Əvvəllər onunla görüşən vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini və Qarabağ müharibəsi zamanı zədələnmiş digər gözünü də itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirmişdilər.


İyulun 15-də Vəliyevin vəkili Fəxrəddin Mehdiyev müalicə müəssisəsində onunla görüşüb. Görüş zamanı Vəliyev səhhətinin pisləşməsinə baxmayaraq, aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu təkrarlayıb. O, həmçinin saxlanma şəraitindən, müəssisədə təcrid olunmasından və gözündəki zədəyə görə adekvat müalicə almadığından ciddi narazılığını ifadə edib.


Müdafiə tərəfi iyulun 1-də Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə rəsmi müraciət edərək Vəliyevin həbsdə qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı narahatlıqlarını bildirib. Lakin yaxınları bu müraciətlərə iki həftə ərzində heç bir cavab verilmədiyini bildiriblər.


Vəliyev ictimai fəaliyyəti, xüsusilə İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirməsi ilə geniş tanınır. O, həmçinin sosial şəbəkələrdəki tənqidi çıxışları və məmurları tənqid etməsi ilə də tanınırdı. Martın 18-də o, Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı polisin zorakılıq tətbiq etməsi ilə bağlı hadisəni ictimailəşdirmişdi.


Mayın 14-də məhkəmədə çıxışında Vəliyev onun həbsinin ictimai fəaliyyəti, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırması və məmurları tənqid etməsi ilə birbaşa əlaqəli olduğunu iddia edib.


Vəliyevin həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyi fəaliyyətini dayandırdığını elan edib, buna səbəb kimi "son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsi" göstərilib.


Onun ailəsinin iyulun 18-də verdiyi bəyanatda "Aidiyyatı qurumlar məsuliyyətli davranmalı, Qazi Hacı Vəliyevin həyat və sağlamlığına laqeyd yanaşmamalıdır" deyə çağırış edilib. Hakimiyyət orqanlarından cavabın olmaması və ev dustaqlığının rədd edilməsi, aclıq aksiyası davam etdiyi üçün onun rifahı ilə bağlı narahatlıqları daha da artırır.

Comments


bottom of page