Azərbaycanda hüquq müdafiəçisi Zəfər Əhmədovun evində axtarış aparılıb
- Obyektiv Media
- Jul 20
- 2 min read
Updated: Aug 2

19 iyul 2025
Azərbaycanda hüquq-mühafizə orqanları hüquq müdafiəçisi Zəfər Əhmədovun evində axtarış aparıb. O və müxalif fəal olan oğlu Fuad Əhmədli Baş Prokurorluqda şahid qismində dindirilib. Hüquq müdafiəçisi axtarışı “qanunsuz” adlandırıb.
17 iyul tarixində səhər saat 7-də hüquq müdafiə təşkilatı olan “Müdafiə Xətti”nin üzvü Zəfər Əhmədovun evinə hüquq-mühafizə əməkdaşları axtarış aparmaq məqsədilə gəliblər.
“Səhər tezdən bizə Baş Prokurorluğun müstəntiqi, altı əməliyyatçı və iki hal şahidi gəldi. Məhkəmə orderi təqdim edərək axtarışa başladılar. Evdə olan bütün telefon və kompüterləri götürdülər. Məni və oğlum Fuadı Baş Prokurorluğa apardılar. İki saat ərzində bizi illər öncə açılmış, lakin bizim heç bir əlaqəmizin olmadığı bir cinayət işi üzrə şahid qismində dindirdilər. Sonra axşam saat 18:00-a qədər bizi orada saxlayıb azad etdilər,” – deyə Z. Əhmədov Facebook səhifəsində yazıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, götürülmüş elektron cihazlar ertəsi gün ona qaytarılıb.
“Təəssüf ki, dünən oğlumu çətinliklə tapdığı işindən çıxardılar,” – deyə Əhmədov əlavə edib.
O, hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz adlandıraraq qeyd edib ki, “şahidə qarşı axtarış aparmaq qanunsuzdur.”
Azərbaycan Baş Prokurorluğundan məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Qeyd edək ki, Zəfər Əhmədov hüquq müdafiə təşkilatı olan “Müdafiə Xətti”nin həmtəsisçisidir. Bu təşkilatın icraçı direktoru 2024-cü ilin dekabrında “hədə-qorxu ilə tələb etmə” ittihamı ilə həbs edilmişdi.
Safarov bu ittihamı rədd etmiş və cinayət işinin saxta olduğunu bildirmişdi. O, 6 dekabrda İnsan Hüquqları Beynəlxalq Gününə həsr olunmuş mərasimdə ABŞ-da təqdim olunacaq insan hüquqları mükafatını almaq üçün səfər etməyi planlaşdırırdı. 10 dekabr 2024-cü ildə Safarov ABŞ Dövlət Departamentinin mükafatına qiyabi olaraq layiq görülmüşdü.
Qeyd edək ki, Zəfər Əhmədovun oğlu Fuad Əhmədli daha əvvəl də təqiblərə məruz qalmışdı. O, 2016-cı ilin avqust ayında Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılmışdı.
Lakin rəsmi olaraq Əhmədli işlədiyi mobil şirkətin abunəçilərinin şəxsi məlumatlarını yaymaqda ittiham olunmuşdu. 2017-ci ilin iyun ayında Əhmədli “Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması” və “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəfi bu hökmü siyasi sifariş kimi qiymətləndirmişdi. 2020-ci ilin avqust ayında Əhmədli cəza müddətini başa vuraraq azadlığa buraxılmışdı.



Comments