Gəncədə bazalt məmulatları istehsalı zavodunun təməli qoyulub
- Obyektiv Media
- Aug 20
- 1 min read
Updated: Aug 26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gəncədə “Azərbazalt” MMC-nin bazalt məmulatları istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib.
Zavod bazalt tozu və onun əsasında üzvi gübrələr istehsal edəcək. Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.
Ümumi sahəsi 4 hektar olan zavod ildə 360 min ton üzvi gübrə istehsal edəcək. İsveç və Türkiyə texnologiyaları əsasında inşa edilən müəssisədə əsas xammal kimi Göygöl rayonundakı Çaykənd yatağından çıxarılan yüksək keyfiyyətli bazaltdan istifadə olunacaq. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Layihənin ikinci mərhələsinə bazalt əsaslı məhsulların - bazalt lifinin, 3D printerlər üçün xammal olan filamentin və digər sənaye materiallarının istehsalı daxildir. Layihənin ikinci mərhələsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq. Bazalt lifləri tikinti, aviasiya, raket mühəndisliyi və avtomobil sənayesində istifadə olunan filtrasiya, səs izolyasiyası, istiliyədavamlı, korroziyaya qarşı örtüklər, beton üçün əlavələr və digər yüksək möhkəmlikli materialların istehsalında istifadə olunur.



Comments