Fazil Mustafaya sui-qəsd işi üzrə məhbus işgəncə və tibbi yardımın olmaması səbəbindən aclıq aksiyasına başlayıb
- Obyektiv Media
- Jul 25
- 2 min read
Updated: Aug 2

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilmiş Səbuhi Şirinov iyulun 16-da aclıq aksiyasına başlayıb. Həyat yoldaşı Xanım Şirinova bildirib ki, etiraz onun səhhətinin pisləşməsi və saxlanma şəraitində adekvat tibbi müayinə və müalicənin təmin edilməməsi ilə bağlıdır.
Şirinov hazırda Umbakı həbsxanasında saxlanılır. Həyat yoldaşının sözlərinə görə, o, sui-qəsd cəhdi ilə əlaqədar saxlanıldığı gün işgəncələrə məruz qalıb və bu, onun başında daimi ağrılara səbəb olub. Ağrılar onun qapalı şəraitdə saxlanılması səbəbindən güclənir, həmçinin dişi də şişib.
Xanım Şirinova Meydan TV-yə bildirib: "Həyat yoldaşım hazırda Umbakı həbsxanasında saxlanılır. Fazil Mustafaya sui-qəsdlə əlaqədar saxlanıldığı gün işgəncələrə məruz qalıb və buna görə də başında müəyyən ağrılar yaranıb. Qapalı şəraitdə saxlanıldığı üçün ağrıları şiddətlənir. Eyni zamanda da dişi şişib".
Xanım Şirinova əlavə edib ki, həyat yoldaşının səhhəti ilə bağlı dəfələrlə həbsxana rəhbərliyinə müraciət etsələr də, heç bir reaksiya verilməyib. O, həmçinin ailənin özü tərəfindən tibbi yardım göstərməsinə icazə verilməsi barədə müraciətlərin də rədd edildiyini bildirib. Ombudsman Aparatının məlumatına görə, məsələdən xəbərdar edilib və penitensiar müəssisəyə baş çəkəcəklər. Penitensiar Xidmətdən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Milli Məclisin VI çağırış deputatı, Mədəniyyət komitəsinin sədri Fazil Mustafaya qarşı sui-qəsd cəhdi 2023-cü il martın 28-də baş verib. Mustafa Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəşə tutularaq bud və çiyin nahiyəsindən xəsarət alıb.
Hadisədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət) və 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) maddələri ilə ittiham olunublar.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib.
Məhkəmənin qərarına əsasən, aşağıdakı cəzalar təyin edilib:
Azər Səricanov: ömürlük azadlıqdan məhrum edilib
Səbuhi Şirinov: 20 il azadlıqdan məhrum edilib
Rəşad Əhmədov: 19 il azadlıqdan məhrum edilib
Elşad Əsgərov: 18 il azadlıqdan məhrum edilib
Emin Əliyarov: 4 il azadlıqdan məhrum edilib
Səbuhi Şirinovun hazırkı aclıq aksiyası, xüsusilə işgəncə iddiaları və tibbi laqeydlik fonunda, bu yüksək profilli işdə məhkum olunanların saxlanma şəraitinə yenidən diqqət yetirilməsinə səbəb olur.



Comments