Azərbaycan Jurnalistikasının Yubileyi
- Obyektiv Media
- Jul 22
- 2 min read
Updated: Aug 2

Bəziləri həbsxana kameralarında qarşılayır, digərləri isə hakimiyyətdən mükafatlar alır.
Azərbaycanda 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Düz 150 il əvvəl, 22 iyul 1875-ci ildə Azərbaycan dilində ilk qəzet olan "Əkinçi" nəşr olunub.
Onun əsasını maarifçi Həsən bəy Zərdabi qoyub. O, böyük çətinliklərdən sonra çar Rusiyası hakimiyyətindən milli dildə qəzet nəşr etmək üçün icazə ala bilib.
"Əkinçi"dən sonra bu sahədə əhəmiyyətli irəliləyişlər baş verib. 19-cu əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880) və "Kaspi" (1880-ci illər – 1890-cı illər) kimi qəzetlər nəşr olunub.
20-ci əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şahtaxtinski, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və digərləri yeni demokratik mətbuatın yaradılması uğrunda mübarizəyə başlayıblar. Nəticədə "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq Söz" (1915) və "Azərbaycan" (1918) kimi demokratik ruhlu və milli xarakterli qəzetlər meydana çıxıb.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşri ilə Azərbaycan mətbuatında siyasi satiranın əsasları qoyulub.
Azərbaycanda azad milli mətbuat SSRİ-nin dağılmasından sonra yenidən dirçəldi. 1992-ci ildən prezident sərəncamı ilə 22 iyul ölkədə Milli Mətbuat Günü kimi qeyd olunur.
Lakin 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda müstəqil və müxalifət mətbuatına təzyiqlər tədricən güclənməyə başladı.
Onlarla qəzet ya bağlanmağa məcbur oldu, ya da müstəqilliyini itirərək hakimiyyətin nəzarətinə keçdi.
Bu proses xüsusilə 2005-ci ildə "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra gücləndi.
2023-cü ilin sonundan etibarən azad mətbuata qarşı yeni repressiya dalğası başladı. "Abzas Media," "Toplum TV" və "Meydan TV" nəşrlərinin jurnalistləri kütləvi şəkildə həbs edildi, bundan sonra onlar Azərbaycanda fəaliyyətini dayandırdılar və hazırda xaricdən nəşr olunurlar.
2025-ci ilin fevralında Azərbaycanda müstəqil mətbuatın son ocağı olan "Turan" agentliyi fəaliyyətini dayandırmağa məcbur oldu.
Hadisələri doğru işıqlandırmaq və cəmiyyəti narahat edən problemlərə diqqət çəkmək kimi peşə borclarına sadiqliklərinə görə təxminən 30 jurnalist uydurma ittihamlarla zindanlarda əziyyət çəkərkən, Milli Mətbuatın 150 illiyi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətin nəzarətində olan media orqanlarının iki yüz nümayəndəsini orden, medal və fəxri adlarla təltif edib.
Comments