Azərbaycan İlk Dəfə Ukraynaya Qaz Təchizatına Başlayır
- Obyektiv Media
- Jul 28
- 1 min read
Updated: Aug 2

Azərbaycan ilk dəfə olaraq Ukraynaya təbii qaz təchizatına başlayır. Sınaq tədarükü Trans-Balkan marşrutu ilə Bolqarıstan–Rumıniya–Ukrayna dəhlizi üzrə həyata keçirilir.
"Naftoqaz" Ukrayna Şirkətlər Qrupu SOCAR qrupuna daxil olan "SOCAR Energy Ukraine" şirkəti ilə Azərbaycan təbii qazının alınması üçün ilk müqaviləni imzalayıb. Bu barədə "Naftoqaz"ın məlumatında bildirilib.
Şirkətin məlumatına görə, Azərbaycan qazının Bolqarıstan–Rumıniya–Ukrayna dəhlizi üzrə Trans-Balkan marşrutu ilə sınaq tədarükü ilk dəfədir həyata keçirilir.
"Həcmcə kiçik, lakin strateji əhəmiyyətli bu addım uzunmüddətli əməkdaşlığa yol açır. Bu, həm də təchizat mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - "Naftoqaz"ın baş direktoru Serqey Koretski bildirib.
"SOCAR Energy Ukraine" həmçinin Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.
Azərbaycan 2020-ci ilin sonundan etibarən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz təchizatına başlayıb.
2024-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 12,9 milyard kubmetr təşkil edib.
Hazırda Azərbaycan Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Xorvatiya, Sloveniya, Slovakiya və Serbiyaya qaz tədarük edir.
Comments