top of page

Azərbaycan Ali Məhkəməsi müxalifət lideri Əli Kərimliyə qarşı çıxarılan ittiham hökmünü qüvvədə saxladı

  • Obyektiv Media
  • Jul 24
  • 2 min read

Updated: Aug 2

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı böhtan işi üzrə çıxarılan ittiham hökmünü qüvvədə saxlayıb. AXCP-dən bildirilib ki, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət veriləcək.


2 dekabr 2024-cü ildə Əli Kərimli böhtan işi üzrə 1500 manat (təxminən 900 ABŞ dolları) məbləğində cəriməyə məhkum edilib.


Ona qarşı xüsusi ittiham qaydasında şikayəti AXCP-nin keçmiş üzvü Aydın Əliyev verib. Əliyev – AXCP-nin nəzarət-təftiş komissiyasının keçmiş sədri olub və hakimiyyətyönlü ictimai fəaliyyətə keçdiyi üçün partiyadan xaric edilib. Kərimli ittihamın əsassız olduğunu bildirib.


O, işi öz siyasi fəaliyyəti ilə əlaqələndirib.


İyulun 23-də Azərbaycan Ali Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə Kərimlinin kassasiya şikayətinə baxılıb.


Onun vəkili Fəxrəddin Mehdiyev Kərimliyə qarşı çıxarılan hökmün əsassız olduğunu qeyd edib.


Onun fikrincə, bu iş ümumiyyətlə məhkəməyə verilməməli və araşdırılmamalı idi. "Kərimlinin ifadələri qiymətləndirici xarakter daşıyırdı, onlarda nə təhqir, nə də böhtan yox idi. İttiham hökmü Kərimli ilə bağlı Avropa İnsan Hüquqları və Əsas Azadlıqlar Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlara məhdudiyyətlərin tətbiqi hədləri) maddələrini pozur", - deyə Mehdiyev bildirib.


"Buna baxmayaraq, Ali Məhkəmə də hökmü qüvvədə saxladı", - deyə Mehdiyev qeyd edib.


AXCP-dən bildirilib ki, Ali Məhkəmənin qərarından AİHM-ə şikayət veriləcək.


"Yerli məhkəmə instansiyalarında şikayət imkanları tükənib. Növbəti mərhələ – AİHM-ə şikayətdir. Aydındır ki, bu, Əli Kərimlini rejimə qarşı ardıcıl siyasi mübarizəsinə görə cəzalandırmaq məqsədi daşıyan hüquqi deyil, siyasi bir proses idi", - deyə partiyadan bildirilib.


Xüsusi ittihamçı Əliyev şərh vermək üçün əlçatan olmayıb.


AXCP 1989-cu ildə Azərbaycanda müstəqillik uğrunda mübarizədə yaradılmış Xalq Cəbhəsi hərəkatının varisidir. 1995-ci ildə Xalq Cəbhəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi. Partiya lideri, keçmiş prezident Əbülfəz Elçibəyin 2000-ci ildə vəfatından sonra onun dəyişməz sədri Əli Kərimlidir. 1993-cü ildə Kərimli Azərbaycanın dövlət katibi vəzifəsini tutub. 1995 və 2000-ci illərdə Kərimli AXCP siyahısı üzrə Azərbaycan parlamentinin deputatı seçilib.

Son iyirmi ildə Kərimli Azərbaycan hakimiyyətinin ən kəskin tənqidçilərindən biridir.

Comments


bottom of page