Akif Qurbanov: “Öyrənmək heç vaxt gec deyil”
- Obyektiv Media
- 13 hours ago
- 3 min read

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov saxlanıldığı Kürdəxanı Təcridxanasından ictimaiyyətə məktub yazıb.
ABŞ Prezidenti Abraham Linkolnun yaxşı bir deyimi var. Demokratiya “bütün insanları bir müddətdə aldada bilərsiniz, bir qism insanı daim aldada bilərsiniz, amma bütün insanları daim aldada bilməzsiniz” prinsipi üzərində qurulub. Lakin, avtoritar hükumətin media üzərində nəzərəti Linkolnun məntiqini pozur. Çünki bu, vətəndaşların həqiqətin fərqinə varmasını əngəlləyir. Medianı monopoliyasına keçirən oliqarxik hakimiyyətlər uğursuzluqlarını başqalarının üzərinə ataraq diqqəti gerçəklikdən uzaq təsirlərə, qüvvələrə çəkir. Bunu necə edir?
Həbsxanada gündəlik əsas məlumat mənbəyi ölkə daxili mövcud TV kanallardır. Çöldən dostlar vasitəsilə alternativ məlumatlar da alıram. Hər gün isə ölkə iç xəbərləri 9 yerli kanalın menyusundan izləyirəm. Heç biri o birindən fərqləmir. Fərq sadəcə xəbərə ayrılan vaxtla bağlıdır. Bəzisi çox vaxt ayırır, bəzisi isə az. Lakin kanalların hamısında ortaq iki əsas xüsusiyyət var. 1. Hakimiyyətin istənilən sahəyə yönəlik siyasətinə aid istənilən cür informasiya məlumat yaxud xəbər olaraq deyil, təbliğat və propaqanda məhsulu kimi təqdim olunur. Necə ki, Sovet dövründə qəzet sadəcə əsas təbliğat aləti idi. İndi də TV-lərə eyni cür baxılır. 2. Baxdığım TV kanalının 9-da da xəbər eyni cür, eyni cümlələrlə, eyni mesajla verilir. Bu isə o deməkdir ki, TV materiallar eyni mərkəzdən, bir əldən çıxan mətn əsasında hazırlanır. Bunlara baxan əhali də belə təbliğat məlumatlarının təsiri altına düşür, alternativ məlumatlara sahib olmayanda müqayisə edə bilmir. Nəticədə, ona sırınan xəbəri həqiqət kimi qəbul edir. Necə ki, vaxtilə deyilirdi: “Bu məlumat Pravdada gedib, deməli düzdür”. Eləcə də, indi nə qədər adam deyir ki, TV-də göstəriblərsə, deməli düzdür.
Bir anlıq özümü qoyuram onların yerinə. Sorğulamağa vərdiş etməmiş hər hansı insan bu TV materiala baxanda başqa cür necə düşünə bilər? Üstəlik, nəzərə alsaq ki, oxşar xəbərlər 9 TV kanalda eyni cür göstərilir, xəbər istehlakçısı o verilən yeməyi necə yeməsin menyuda başqa yemək “verilmirsə”?
Yeməməsi üçün onda alışılmış alternativ düşüncə, tənqidi yanaşma, sorğulama vərdişləri olmalıdır. Bu vərdişləri isə harada qazanırıq? 1. Ailədə - onlara aşılanan “böyüklərin sözünə qulaq asmaq lazımdır” fikridir. Əks halda böyüyün üzünə qayıtmaq kimi qəbul edilir. Böyük sözü isə ailədə, baxçada, məktəbdə müəllim, direktor, işdə müdir, rəis, siyasətdə rəhbər və s. kimi başa düşülür. 2. Təhsil ocaqlarında - nə akademik azadlıqlar var (həm müəllim, həm şagird, həm tələbə üçün), nə təşəbbüs sərbəstliyi, nə də tənqidi düşüncə, açıqlıq. Cəmiyyət həyatında, dövlət idarə etməsində də nə sərbəst seçki var, nə də sərbəst müzakirə mühiti, təşəbbüslərə imkan və s. Bütün bunların fonunda da sərbəstlik yaradılmayan şəraiti kimlərsə riskləri gözə alaraq diqtə olunan şərtləri pozmağa çalışanda cəzalandırılır. Belə mühitdə böyüyən insanlar təbliğat materiallarının təsirinə məruz qalmaya bilməzlər. Reklamlar hansı mexanizmdə insanlara təsir edirsə, təbliğat materialları da o cür edir. Bu, insan beyninin işləmə mexanizminə dayanır. Elmi araşdırmalar bunu açıq təsir edir. Ona görə də başdan başlamaqda fayda var.
Bütöv sistemi, cəmiyyəti, ölkəni birdən-birə dəyişmək çətin görünürsə, ən azından özümüzdən, ailəmizdən, yaxın ətrafımızdan başlamalıyıq. Uşaqlarımıza, gənclərə sorğulamağı, tənqidi təfəkkürü, sərbəst düşünməyi təşəbbüskar olmağı öyrətməliyik. Stereotiplərdən qorxmamalıyıq. “Tərbiyələri pozular”, “mentalitet əldən gedər”, “böyüksüz olarlar” və s. Əksinə, özünə inamlı olan, həqiqətlə yalanı, şərlə-xeyri ayırd edə bilən insan ləyəqətinin, şərəfin, vicdanın, ədalətin nə olduğunu daha yaxşı dərk edəcək. Bunları bilən, özündə yaşadan böyüklərə də kiçiklərə də daha çox hörmət, mərhəmət, xeyrxah, dürüst və ədalətli davranacaq. Özünü yaxşı, istədiyi kimi ifadə edə bilən insan həm də sevgi dolu olacaq. Nə qədər ki, ona özünü ifadəyə imkan verilməyəcək, o qədər də hisslərini paylaşa bilməyəcək. Nə sevgisini, nə də etirazını əks etdirə bilməyəcək. Yığılan etirazlar qəzəbə çevriləcək və onu üsyana, asiliyə itələyəcək. Beləliklə, gəlin dəyişimə özümüzdən, ətrafımızdan başlayaq. Aristotel demiş, həyatımızı dəyişmək istəriksə, vərdişlərimizi dəyişməliyik. Gənclərə, uşaqlara, dostlara sərbəstliyi, təşəbbüskarlığı, tənqidi təfəkkürü sorğulamağı öyrədək. Öyrənmək heç vaxt gec deyil.



Comments