"Yüksəliş" Partiyasının sabiq sədri Anar Əsədli 4.5 il müddətinə azadlıqdan məhrum edilib
- 2 hours ago
- 2 min read

Bakı Ağır Cinayətlər Məhkəməsi, buraxılmış "Yüksəliş" Partiyanın sabiq sədri Anar Əsədlini külli miqdarda dələduzluq ittihamı ilə dörd il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Hökm mayın 22-si, cümə günü hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.
Dövlət ittihamçısı təqsirləndirilən şəxs üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə yeddi il azadlıqdan məhrum etmə cəzası istəmişdi. Müxalif siyasətçi özü isə ittihamları qəbul etməyib və cinayət təqibini siyasi motivli sifariş adlandırıb.
Mülki borc yoxsa dələduzluq?
İş üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin keçmiş köməkçisi Oqtay Qasımov və Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı İlham Hüseynov da var.
Zərərçəkmişlər məhkəmədə prokurorun təklif etdiyi cəza ilə razı olduqlarını bildiriblər, çünki Əsədli onlara olan borcunu qaytarmayıb.
Müdafiə tərəfi təqsirləndirilən şəxsin tam bəraət almasında israr edib. Vəkil Rəsul Cəfərov bəyan edib ki, onun müvəkkili dələduzluq etməyib, sadəcə zərərçəkmişlərdən borc pul alıb, bu isə mülki-hüquqi müstəvidə tənzimlənən məsələdir və cinayət təqibi üçün əsas ola bilməz.
Son sözündə Anar Əsədli ittihamları bir daha rədd edib.
"İllərlə münasibətdə olduğum insanlar gəlib mənə qarşı ifadə verirlər", — deyən siyasətçi əlavə edib ki, cinayət işi o, yenidən siyasi fəallıq göstərməyə cəhd etdikdən dərhal sonra yenilənib.
Cinayət işinin xitam verilməsi və yenidən həbs
Müxalifətçinin cinayət təqibi uzunmüddətli həbs və azadlığa buraxılma prosesləri ilə müşayiət olunub. Siyasətçi ilk dəfə 2023-cü ilin aprelində külli miqdarda dələduzluq ittihamı ilə saxlanılsa da, həmin ilin iyulunda — rəhbərlik etdiyi partiyanın özünü buraxması barədə qərardan sonra barəsindəki qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
2023-cü ilin oktyabrında Anar Əsədliyə qarşı açılmış cinayət işinə tərkibində cinayət hadisəsi olmadığı üçün tamamilə xitam verilib. Sonradan Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qərarı ləğv edərək iş materiallarını yenidən araşdırılması üçün geri göndərib. 2025-ci il oktyabrın 24-də zərərçəkmişlərin vurduğu ziyanın hələ də ödənilmədiyi barədə vəsatəti əsasında məhkəmə siyasətçi barəsində yenidən həbs qətimkan tədbiri seçib.
Anar Əsədli keçmişdə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olub. O, 2020-ci ilin dekabrında yeni yaradılmış və 2021-ci ilin oktyabrında dövlət qeydiyyatına alınmış "Yüksəliş" Partiyasına rəhbərlik edib.
Təşkilat fəaliyyətinə xitam verildiyini 2023-cü ilin iyununda, partiya lideri artıq həbsdə olarkən bəyan edib.



Comments