top of page

Terminal Investment Limited, SOCAR-ın Türkiyədəki terminalının həmtəsisçisi olacaq

  • Emin Huseynov
  • Sep 16
  • 1 min read
ree

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın ən böyük nəqliyyat şirkəti MSC (Mediterranean Shipping Company, qərargahı Cenevrədə yerləşən özəl dənizçilik şirkəti) strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.


SOCAR-dan verilən məlumata görə, müqaviləyə əsasən, MSC-nin törəmə şirkəti olan qlobal terminal operatoru "Terminal Investment Limited" (TIL), "SOCAR Terminal"ın səhmdarı olacaq.


Bakıda keçirilən imzalama mərasimində qeyd edilib ki, Egey regionunun ən böyük konteyner limanı olan (İzmir yaxınlığında yerləşən) "SOCAR Terminal"a edilən birgə sərmayələr Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirəcək.


Əməkdaşlıq "SOCAR Terminal"ın TIL-in geniş qlobal şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Avadanlıq və texnologiyalara qoyulan yeni sərmayələr sayəsində terminal mövcud gücünü artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlı inkişaf və infrastruktur sahəsində əhəmiyyətli irəliləyişlərə nail olacaq.


"SOCAR Terminal" Egey regionunun ən böyük konteyner terminalıdır. O, 700 metr uzunluğunda və 16 metr dərinliyində davamlı yanaşma xəttinə, həmçinin 420 min kvadratmetr liman sahəsinə və 30 min kvadratmetr arxa əraziyə malikdir.


"SOCAR Terminal" yeni nəsil iri ULCS gəmilərini qəbul edə bilir və eyni zamanda bir neçə əsas gəmiyə xidmət göstərə bilir ki, bu da gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır.

 
 
 

Comments


bottom of page