Rusiya hərbi gəmisi Bakı limanında
- Obyektiv Media
- Sep 24
- 1 min read

Rusiya Federasiyası Sərhəd Mühafizə Gəmisi "Rasul Qamzatov" sentyabrın 23-də Bakı limanına gəlib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, səfər "Azərbaycan və Rusiyanın sahil mühafizəsi gəmilərinin qarşılıqlı səfərləri proqramı çərçivəsində" həyata keçirilir.
"Səfər zamanı tərəflər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq məsələlərini müzakirə etməyi, Xəzər dənizində mövcud əməliyyat vəziyyəti barədə fikir mübadiləsi aparmağı, birgə əməliyyat-profilaktik tədbirlərin nəticələrini nəzərdən keçirməyi, habelə nümayəndəliklər arasında informasiya mübadiləsi mexanizmlərini dəqiqləşdirməyi planlaşdırırlar", - mətbuat xidməti əlavə edib.
Səfər proqramına həmçinin mədəni və idman tədbirləri daxildir. Xüsusilə, "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Sərhəd Xidməti və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında yoldaşlıq futbol matçı keçiriləcək. Bundan əlavə, nümayəndə heyətləri hər iki tərəfin sərhəd mühafizə gəmilərinə baş çəkəcəklər.
Mədəni proqram çərçivəsində rusiyalı qonaqlar üçün Heydər Əliyev Mərkəzinə, "Atəşgah" Dövlət Tarix-Memarlıq Qoruğuna və Bakının digər mədəni və tarixi irs abidələrinə ekskursiyalar təşkil olunub.
Rusiya hərbi gəmisinin səfəri Bakı və Moskva arasında siyasi gərginlik fonunda baş verir. Gərginliyə ötən ilin dekabrında Qroznı üzərində Azərbaycan mülki təyyarəsinin vurulması və bu ilin iyununda Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi səbəb olub.



Comments