"Kürü diplomatiyası" qalmaqalının iştirakçısı Almaniyada mühakimə olundu
- Obyektiv Media
- Jul 31
- 2 min read
Updated: Aug 2

Xristian Sosial İttifaqından bundestaqın keçmiş deputatı Eduard Lintner (Eduard Lintner) Münhen Ali Regional Məhkəməsi tərəfindən "Azərbaycan işi" adlanan rüşvət işi üzrə doqquz ay şərti həbs cəzasına məhkum edilib. Bu barədə DW AFP agentliyinə istinadən məlumat yayıb.
Bundan başqa, məhkəmə bundestaqın keçmiş deputatı Karin Ştrenzin (Karin Strenz) varisindən Lintnerdən aldığı iddia edilən 110.000 avroya yaxın vəsaitin müsadirə edilməsi barədə qərar çıxarıb.
"Azərbaycan işi"nin fiqurantları arasında Karlsrue şəhərindən olan siyasətçi Aksel Fişer (Axel Fischer) və Bavariyanın Aşağı Frankoniya dairəsindən olan Eduard Lintner (Eduard Lintner) də var idi. Birincisi rüşvətxorluqda, ikincisi isə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın lehinə qərar qəbul edilməsinə təsir göstərmək üçün seçilmiş məmurlara rüşvət verməkdə ittiham olunurdu.
İstintaqın məlumatına görə, 2010-cu ildən AŞPA-da fəaliyyət göstərən Lintner 2016-cı ildə 19 saxta şirkət vasitəsilə bir neçə milyon avro alıb. Müstəntiqlərin fikrincə, o, bu pulların bir hissəsini ona lazım olan qərarların qəbul edilməsinə təsir göstərməli olan digər assambleya deputatlarına verib.
Hökmə əsasən, 2014-cü ildə Lintner Ştrenzlə onun AŞPA-da Azərbaycanın maraqları naminə səs verəcəyi və bunun müqabilində ayda təxminən 7500 avro alacağı barədə razılığa gəlib.
Eduard Lintner bunun "tamamilə normal lobbiçilik" olduğunu iddia etsə də, məhkəmə bu versiyanı rədd edib.
2021-ci ilin martında Ştrenz Kubadan Almaniyaya uçan təyyarədə vəfat edib. Bundan əvvəl məhkəmə onun toxunulmazlığını ləğv etmişdi.
Digər iki təqsirləndirilən şəxs barəsində pul cəriməsi ödənildikdən sonra işə xitam verilib. Fişerə qarşı icraat payızda bərpa ediləcək, fasilə onun səhhəti ilə bağlı olub.
AŞPA üzvlərinə rüşvət verilməsi işi 2012-ci ildə Almaniyanın "Avropa Sabitlik Təşəbbüsü" (AST) qeyri-hökumət təşkilatının hazırladığı "Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasının susqunluğuna necə nail oldu" hesabatından sonra geniş rezonans doğurub. 2016-cı ildə hesabatın ikinci hissəsi dərc edilib və bu, Azərbaycanın vətəndaşlarına qarşı siyasi motivli təqibləri pisləyən qərarların qarşısını almaq üçün AŞPA deputatlarına rüşvət verilməsinə işıq salıb.
"Kürü diplomatiyası" qalmaqalı fonunda AŞPA-da istintaq başladılıb.
27 iyun 2018-ci il tarixində AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Məsələlər Komitəsi assambleyada korrupsiya faktlarını araşdıran müstəqil istintaq qrupunun hesabatına əsaslanaraq, 14 deputatın ömürlük Avropa Şurasının binalarına və tədbirlərinə girişini qadağan edib. Sanksiyalara o vaxtkı Azərbaycan deputatlarından ikisi – Müslüm Məmmədov və Elxan Süleymanov da məruz qalıb.



Comments