Kadırov 17 Yaşlı Oğlunu 7-ci Vəzifəyə Təyin Etdi
- Obyektiv Media
- Sep 21
- 2 min read

Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kadırova yeddinci rəsmi vəzifəsini verərək onu "bələdiyyə təşkilatları tərəfindən əmlak vergilərinin ödənilməsinə nəzarətçi" təyin edib. Bu qərar sentyabrın 17-də hökumət üzvləri ilə regionun sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasda elan edilib.
Təyinat barədə ilk məlumatı yerli “Chechnya Today” xəbər agentliyi yayıb. Lakin A. Kadırovun bu vəzifəyə hansı müddətə təyin olunduğu, hansı bələdiyyə təşkilatlarına nəzarət edəcəyi və ya konkret səlahiyyətləri və maaşının nə qədər olacağı ilə bağlı əsas detallar qeyri-müəyyən qalır.
Bu, Adəm Kadırovun 2023-cü ildən bəri aldığı yeddinci rəsmi vəzifədir. Onun digər vəzifələrinə atasının şəxsi mühafizə xidmətinin rəhbəri, Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Qudermesdəki Xüsusi Təyinatlı Qüvvələr Universitetinin nəzarətçisi və Müdafiə Nazirliyinə bağlı Benoa Baysanqur və Şeyx Mansur batalyonlarının kuratorluğu daxildir. O, həmçinin Çeçenistan Daxili İşlər Nazirliyinin nəzarətçisi və Qəzza zolağının sakinləri üçün humanitar yardıma vəsait toplanmasına nəzarətçidir.
Adəm Kadırov ilk dəfə 2023-cü ildə, 15 yaşında ikən Quranı yandırmaqda ittiham olunan Nikita Juravelə istintaq təcridxanasında hücum etməklə geniş ictimai diqqət qazanmışdı. Bu yüksək səviyyəli təyinatlar Adəmin yetkinlik yaşına çatmamasına və siyasi təcrübəsinin olmamasına baxmayaraq həyata keçirilib. Onun təhsil statusu da qeyri-müəyyəndir və orta məktəbi bitirib-bitirmədiyi məlum deyil. Rəsmi məlumatlara görə, o, 2015-ci ildə birinci sinfə başlayıb, bu isə onun hazırda 10-cu sinifdə oxumalı olduğunu göstərir, lakin o vaxtdan bəri onun akademik fəaliyyəti barədə heç bir məlumat verilməyib.
Ramzan Kadırovun oğlunu özünə varis kimi hazırladığı və hakimiyyəti ona ötürmək üçün hüquqi və ya siyasi mexanizm axtardığı barədə geniş fərziyyələr mövcuddur. Ancaq bu plan ciddi hüquqi maneələrlə üzləşir, çünki Rusiya qanunvericiliyi rəsmi dövlət vəzifələrinin ailə üzvlərinə birbaşa ötürülməsini qadağan edir və region rəhbəri olmaq üçün minimum yaş həddini 30 olaraq müəyyən edir. Yeniyetmə, həmçinin sərvəti ilə də diqqət çəkib; o, dəyəri 500,000 dollardan çox olan 104 brilyantlı "Jacob & Co" saatı və toyunda təxminən 7 milyon dollar dəyərində olan başqa bir saatla görünüb.



Comments