Gürcüstan məhkəməsi həbslə yanaşı, azərbaycanlı jurnalistə cərimə də kəsib
- Obyektiv Media
- Oct 28
- 1 min read

14 sutkalıq inzibati həbslə yanaşı, azərbaycanlı jurnalist Əfqan Sadıqova "yolların qanunsuz bağlanması" ittihamı ilə 270 min lari (təqribən 100 min ABŞ dolları) məbləğində pul cəriməsi də təyin edilib.
Oktyabrın 17-də, Gürcüstandakı fasiləsiz etirazların 324-cü günündə Əfqan Sadıqov Tbilisidəki Rustaveli prospektində keçirilən nümayiş zamanı Bidzina İvanişvilinin və Vladimir Putinin portretlərini yandırıb. Oktyabrın 22-də jurnalist yaxınları ilə əlaqəni kəsib. Oktyabrın 23-də Tbilisi məhkəməsi Sadıqovu 14 sutka inzibati həbs cəzasına məhkum edib. Daxili İşlər Nazirliyi jurnalisti Rustaveli prospektində hərəkəti dayandıran aksiyada iştirak etməkdə ittiham edib.
Jurnalistin həyat yoldaşı bildirib ki, Ə. Sadıqova 14 sutkalıq inzibati həbs cəzasından başqa 270 min lari məbləğində pul cəriməsi də kəsilib.
"Oktyabrın 27-də vəkil Ayxan Həsənli Əfqanla Marneuli təcridxanasında görüşüb. Vəkil həbsdən əlavə, Əfqana qarşı pul cəzasının da tətbiq edildiyini bildirib. Hüquq-mühafizə orqanları onu etiraz aksiyaları zamanı 54 dəfə yol bağlamaqda ittiham edib və hər bir belə hal üçün ona 5 min lari, ümumilikdə 270 min lari cərimə kəsiblər", - deyə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.
O, jurnalistin həbsdən sonra ailəsi ilə əlaqə qura bilmədiyini bildirib.
"Əfqan bizə zəng edə bilmir. Təcridxana rəhbərliyi oradan Fransaya zənglərin mümkün olmadığını bildirib. Lakin mənim Gürcüstan nömrəm var və Əfqan bu nömrəyə zəng edə bilərdi. Sadəcə, onu bilərəkdən ailəsi ilə əlaqə imkanlarından məhrum edirlər", - deyə S. Sadıqova qeyd edib.
Ə. Sadıqov 2024-cü ilin avqust ayında Azərbaycandan gələn ekstradisiya tələbi ilə Gürcüstanda saxlanılıb.
Fevralın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işin mahiyyəti üzrə qərar qəbul edilənə qədər Gürcüstana Sadıqovu Azərbaycana təhvil verməyi qadağan edib. Aprelin 16-da Tbilisi məhkəməsi AİHM-nin qərarını icra edərək Sadıqovu pul girovu müqabilində azad edib.
Daha əvvəl Ə. Sadıqov peşə fəaliyyəti ilə əlaqədar Azərbaycanda iki dəfə mühakimə olunub.



Comments