Bəhruz Səmədov Apellyasiya Şikayətinə Qapalı Baxılmasına Etiraz Etdi
- Obyektiv Media
- Aug 7
- 1 min read

7 avqust 2025-ci il
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunaraq məhkum edilən Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədovun apellyasiya şikayətinə tamamilə qapalı rejimdə baxılacaq.
Bu qərarı avqustun 6-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov Səmədovun şikayəti üzrə ilkin iclası açarkən qəbul edib.
Bundan sonra Səmədovun dostları, vətəndaş cəmiyyətinin nümayəndələri, ABŞ və Fransa səfirliklərinin əməkdaşları, eləcə də tədqiqatçının yeganə qohumu olan 80 yaşlı nənəsi məhkəmə zalından çıxarılıb.
Səmədov və vəkili hakimin qərarına etiraz edərək bildiriblər ki, şikayətə mahiyyəti üzrə qapalı baxıla bilsə də, ilkin iclas və məhkəmənin qərarının elan edilməsi açıq olmalıdır.
Prokuror işin materialları ilə tanış olmağa macal tapmadığı üçün ilkin iclas avqustun 13-nə təxirə salınıb.
29 yaşlı Bəhruz Səmədov 21 avqust 2024-cü ildə Azərbaycanda saxlanılaraq dövlətə xəyanətdə ittihamı ilə həbs edilib. İstintaqın versiyasına görə, o, Ermənistan nümayəndələrinin sifarişi ilə məqalələr yazıb və tərcümə edib. İttiham Bəhruz Səmədovun Ermənistandan olan üç qadınla yazışmalarına əsaslanır. Səmədov özü dövlətə xəyanət ittihamını qəti şəkildə rədd edib. Səmədov xarici nəşrlərdə Azərbaycan hakimiyyətini tənqid etməsi ilə tanınır. Müdafiə tərəfi hesab edir ki, həbsin səbəbi onun "müharibə əleyhinə baxışları" olub.
İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.



Comments