Bakı Məhkəməsi Həbsdəki Jurnalistin Nikah Qeydinə Qadağanı Təsdiqlədi
- Obyektiv Media
- Oct 24
- 1 min read

Oktyabrın 23-də Bakı Xətai Rayon Məhkəməsində Meydan TV jurnalisti Aytac Tapdığın heyvan hüquqları müdafiəçisi Kamran Məmmədli ilə Bakı İstintaq Təcridxanası-1-də (SİZO-1) nikah bağlanması ilə bağlı şikayətinə baxılıb.
Məmmədli bildirib ki, məhkəmə ilk dəfə Tapdığın şikayətinə mahiyyəti üzrə baxıb.
"İndiyə qədər bizə nikahın qeydə alınmasından yalnız şifahi şəkildə imtina edirdilər və yazılı cavab vermirdilər. Bu səbəbdən, yazılı sənədin olmaması bəhanəsi ilə məhkəmələr şikayətə "sübutun olmaması" səbəbi ilə mahiyyəti üzrə baxmaqdan imtina edirdi," - deyə Məmmədli izah edib.
O qeyd edib ki, bu dəfə məhkəmə onu və Tapdığı dinlədikdən sonra şikayətin təmin edilməməsi barədə qərar qəbul edib.
"3 gün ərzində bizə məhkəmə qərarını verməlidirlər və biz o zaman biləcəyik ki, məhkəmə şikayəti təmin etməyərək iki gəncin evlənməsinə hansı əsaslarla mane olub," - Məmmədli bildirib.
O, məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini qeyd edib.
2025-ci ilin yanvarında Tapdıq nikah üçün ərizə yazıb, lakin iki ay sonra Bakı SİZO-1 rəhbərliyindən istintaqın ona evlənməyə "icazə vermədiyi" barədə cavab alıb. Müstəqil ekspertlər hesab edirlər ki, nikah istintaq orqanlarının icazəsi və ya razılığı əsasında deyil, Ailə Məcəlləsi əsasında qeydə alınır və həbsdə saxlamaq insanı evlənmə hüququndan məhrum etmir.
Tapdıq 2024-cü ilin dekabrında "Meydan TV işi" adlanan iş üzrə həbs olunub.



Comments