Azərbaycan Ermənistana Yük Tranzitinə Bütün Məhdudiyyətləri Aradan Qaldırıb
- Obyektiv Media
- Oct 22
- 2 min read

Azərbaycan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat üçün bəyanatında bildirib.
"Onu da deməliyəm ki, Azərbaycan işğal anından etibarən mövcud olan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstanın Ermənistana göndərdiyi taxıl yükü olub. Düşünürəm ki, bu, həmçinin Azərbaycan və Ermənistan arasında sülhün artıq yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir," deyə dövlət başçısı bəyan edib.
O, həmçinin vurğulayıb ki, TRIPP nəqliyyat marşrutu "mütləq həyata keçiriləcək".
"Bildiyiniz kimi, avqust ayında keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir (The Trump route for international peace and prosperity). Prezident Tramp bu layihəyə öz adını verib ki, bu da təbii olaraq, bu layihənin mütləq həyata keçiriləcəyini göstərir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi marşrutla yanaşı, Zəngəzur üzərindən 15 milyon ton yük dövriyyəsi potensialı olan, ən müasir standartlara cavab verən daha bir marşrut da yaranır. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə ölkələrimizin ərazilərindən keçən yüklərin həcmi öz-özlüyündə artım potensialına malikdir, həmçinin qəbul və göndərmə üçün daha böyük potensiala sahib olacaqdır," deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, bu marşrut 2028-ci ilə qədər işə düşə bilər.
"Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqələri üzrə bütün işlər gələn ilin ortalarına qədər yekunlaşacaq. Ümid edirik ki, digər ölkələrin ərazilərində də bu, eyni sürətlə həyata keçiriləcək və bu halda Zəngəzur Dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər," deyə Azərbaycan rəhbəri bildirib.
Ermənistan hökuməti Əliyevin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatlarını alqışlayıb. "Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətlərin ləğvi barədə bəyanatını alqışlayır. Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın gücləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan və Azərbaycan arasında qurulan sülhün institusionalizasiyası üçün mühüm əhəmiyyət kəsb edir," deyə Ermənistanın Baş Nazirinin Mətbuat Katibi Nazeli Bağdasaryan bəyan edib.
Hazırda Ermənistan daxilində tranzit marşrutu məsələsində qeyri-müəyyənlik qalır; ehtimal ki, hazırda Qazaxıstan yükləri Azərbaycandan Ermənistana Gürcüstan üzərindən gedəcək.



Comments