top of page

Aİ Azərbaycanda Media Azadlığına Qoyulan Ciddi Məhdudiyyətlərdən Narahatdır

  • Obyektiv Media
  • Oct 8
  • 1 min read
ree

Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsi Kajsa Ollongren Azərbaycanda media azadlığına qoyulan ciddi məhdudiyyətlərdən narahatlığını ifadə edib. Bu, Ollongrenin 7 oktyabr tarixində yayımlanan 2025-ci ilin avqust-sentyabr ayları üzrə hesabatında qeyd olunub. Ollongrenin sözlərinə görə, o, bu narahatlığını hazırda sürgündə olan azərbaycanlı jurnalistlərlə görüşü zamanı dilə gətirib.

Hesabata əsasən, Ollongrenlə görüşən azərbaycanlı jurnalistlər bildiriblər ki, "son aylarda Azərbaycanda müstəqil medianın fəaliyyəti qeyri-mümkün olduğu üçün" işlərini sürgündə davam etdirirlər. Onlar Xüsusi Nümayəndəyə ölkədə jurnalistlərin saxlanılması və həbslərinin əsasən qaçaqmalçılıq kimi yalan ittihamlarla həyata keçirildiyini bildiriblər. Eyni zamanda, jurnalistlər saxlanma şəraitinin həddindən artıq ağır olduğunu, habelə elementar gigiyena vasitələrinin, qidalanmanın və tibbi yardımın çatışmazlığını qeyd ediblər.


Kajsa Ollongren ölkədə media müstəqilliyinin pozulmasının və jurnalistlərə qarşı repressiyaların dərin narahatlıqdoğurduğunu vurğulayıb. Onun sözlərinə görə, azad və müstəqil media fəaliyyət göstərən demokratik cəmiyyətin əsasıdır, və dürüst siyasətçilər tərəddüd etmədən medianın əks etdirdiyi reallıqlar barədə açıq danışmalı, vətəndaşların maraqlarını qorumalıdırlar. İnsan Hüquqları üzrə Xüsusi Nümayəndə Azərbaycan hakimiyyəti tərəfindən jurnalistlər üçün daha təhlükəsiz və azad bir mühitin yaradılmasının vacibliyini xüsusi qeyd edib. Kajsa Ollongren azad və müstəqil medianın fəaliyyət göstərən demokratik cəmiyyətin təməl daşlarından biri olduğunu bildirib. O, Avropa İttifaqının jurnalistlərin müdafiəsini və media azadlığının təmin edilməsini prioritet hesab etdiyini vurğulayıb.


Xüsusi Nümayəndə bəyan edib: "Jurnalistlərin və medianın təhlükəsizliyi təmin edilmədən cəmiyyət şəffaflıq və hesabatlılıq prinsiplərinə riayət edə bilməz."


Görüşdə qeyd olunub ki, Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəliyinin Ofisi Azərbaycandakı insan hüquqları və media azadlığı vəziyyətini yaxından izləməyə davam edəcək və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində jurnalistlərin müdafiəsini dəstəkləyəcəkdir.

Qeyd edək ki, Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın son hesabatına görə, ölkədə hazırda 31 jurnalist və bloqqer həbsdə saxlanılır.

Comments


bottom of page