top of page

2025-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin qeyri-döyüş itkiləri 40-dan çox hərbçi təşkil edib

  • Obyektiv Media
  • Jan 1
  • 1 min read
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (CDSI) 2025-ci il üzrə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri barədə hesabatı. 42 qeyri-döyüş ölümü, qəzalar, xəstəliklər və intiharların təhlili. Hərbi təhlükəsizlik və şəffaflıq üçün vacib statistik məlumatlar.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (CDSI) məlumatına görə, 2025-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin geri dönməz itkiləri 42 hərbi qulluqçu təşkil edib. Onların hamısı qeyri-döyüş şəraitində həyatını itirib.


Hesabata əsasən, 2025-ci ildə 7 azərbaycanlı hərbçi avtomobil qəzalarında, 7-si bədbəxt hadisələr nəticəsində (qar uçqununa düşmə, boğulma, qayadan yıxılma, dəm qazından zəhərlənmə), 12-si müxtəlif xəstəliklərdən vəfat edib, 10-u intihar edib, daha iki nəfər “qanunsuz hərəkətlərin” qurbanı olub, 2 nəfər isə naməlum səbəblərdən dünyasını dəyişib.


Vəfat edənlərin 24-ü Müdafiə Nazirliyinin, 11-i Dövlət Sərhəd Xidmətinin, 2-si Ədliyyə Nazirliyinin Mühafizə Alayının, 2-si Fövqəladə Hallar Nazirliyinin, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i isə Daxili Qoşunların hərbi qulluqçusu olub. CDSI əməkdaşları daha bir hərbçinin hansı güc strukturuna aid olduğunu müəyyən edə bilməyiblər.


Dünyasını dəyişənlərin 25-i əsgər, 7-si zabit, 6-sı gizir, 2-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2-si isə kursant olub.


Ötən il ərzində 11 hərbçi yaralanıb, xəsarət alıb və ya zəhərlənib. Belə ki, bir hərbi qulluqçu antiterror əməliyyatında yaralanıb, üçü zəhərlənib, daha 7 nəfər isə mina partlayışı nəticəsində xəsarət alıb.


CDSI qeyd edir ki, 2024-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin geri dönməz itkiləri 51 nəfər təşkil etmişdi. Onlardan 49-u qeyri-döyüş şəraitində ölmüş, daha iki nəfər isə əvvəlki ildə aldığı yaralardan vəfat etmişdi.


Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI) 2015-ci ilin fevralında Almaniyada fəaliyyətə başlayıb. Onun təsisçilərindən biri, 2014-cü ildə Azərbaycanı tərk edənə qədər "Doktrina" Jurnalist Hərbi Tədqiqatlar Mərkəzinə rəhbərlik etmiş Casur Sumerinlidir.

Comments


bottom of page