top of page

Tofiq Yaqublu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü

  • May 13
  • 3 min read
Tofiq Yaqublunun 17 saylı müəssisəyə köçürülməsi, səhhətindəki ciddi problemlər və Ali Məhkəmənin 9 illik həbs qərarını qüvvədə saxlaması barədə son xəbərlər. Ailəsinin ağır şəraitlə bağlı bəyanatları və 26 günlük aclıq aksiyasının dayandırılması.
Tofiq Yaqublu

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu karantindən çıxarılaraq 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.


Bu barədə dünən, mayın 12-də onunla görüşən qızı Nigar Həzi məlumat verib. O bildirib ki, atasının hələ də sərbəst hərəkət etməkdə çətinliyi var və qoltuqağacı ilə gəzir.


N. Həzi əlavə edib ki, atasının hazırda saxlanıldığı müəssisə həm də çox dardır: "Təsəvvür edin ki, ümumi yaşayış sahəsi o qədər dardır ki, orda nəinki sərbəst gəzmək, heç hərəkət etmək də çətindir. Dar şərait, ağır rejim, pis vəziyyət, dizindəki problemin ciddiliyinə qarşı laqeydlik, ağrıdan qıvrılaraq keçirdiyi günlər - bir sözlə, Tofiq Yaqublu günahsız olmasına baxmayaraq, işgəncə altında saxlanılır".


Onun sözlərinə görə, bəzi digər müəssisələrdə şərait daha əlverişlidir.


N. Həzi həmçinin hesab edir ki, T. Yaqublunun təcili tibbi müayinəyə və müalicəyə ehtiyacı var.


Bu bəyanatlarla bağlı Penitensiar Xidmətin rəsmilərindən cavab almaq mümkün olmayıb.


4 May

Ailəsi deyir ki, Tofiq Yaqublu sərbəst gəzə bilmir

Yaxınları bildiriblər ki, həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhətində problemlər yaranıb.


Qızı Nərgiz Həzi deyir ki, atası həftələrlə 17 saylı Cəzaçəkmə Müəssisəsində karantində saxlanılıb: "Keçən həftə qanunla evə iki dəfə zəng etmək icazəsi olsa da, cəmi bir dəfə zəng edib. Az öncə atamla danışdım. Keçən həftə görüşəndə dizinin şişdiyini demişdi. Görüşdən bəri danışmadığımız üçün dizinin vəziyyətini bilmirdik. İndi danışanda dedi ki, dizi çox şişib, şiddətli və dözülməz ağrıları var. Artıq qoltuqağacı ilə gəzdiyini bildirdi. Keçən həftə onun üçün dizlik alsaq da, məlum oldu ki, hələ də ona verməyiblər. Tibbi müayinələr məhdudlaşdırılıb".


Qızının sözlərinə görə, T. Yaqublu həmçinin bildirib ki, bu gün, mayın 4-də ümumi sahəyə çıxarılacağını gözləsə də, ona hələ karantində saxlanılacağı deyilib.


Ailəsi iddia edir ki, T. Yaqubluya qarşı qərəzli münasibət davam edir.


Bu bəyanatla bağlı Ədliyyə Nazirliyi və digər məsul rəsmi qurumlardan cavab almaq mümkün olmayıb.


2 Aprel

Tofiq Yaqublu barəsində qərar dəyişməz qaldı: 'Əliyev atamdan qisas alır'

Ali Məhkəmə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 9 illik həbs cəzasını qüvvədə saxlayıb. Qərar aprelin 2-də Ali Məhkəmədə elan edilib. Hakim İlqar Qılıcov bildirib ki, T. Yaqublu və müdafiə vəkillərinin verdiyi kassasiya şikayəti təmin edilmir və aşağı instansiya məhkəməsinin qərarı dəyişməz qalır.


Ali Məhkəmədə T. Yaqublunun işi üzrə keçirilən əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə qərar elan edilərkən siyasətçi iştirak etməyib.


T. Yaqublunun qızı Nigar Həzi "Azadlıq Radiosu"na bildirib ki, atası məhkəmədə iştirak edəcəyini gözləyirdi. O, məhz Ali Məhkəmə iclaslarında iştirakı ilə əlaqədar Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır. N. Həzi hesab edir ki, atasını qəsdən məhkəməyə gətirməyiblər.


Ali Məhkəmənin qərarı ilə bağlı N. Həzi deyir ki, növbəti dəfə siyasi sifariş yerinə yetirilib: "Təəssüf ki, gözlədiyimiz kimi oldu. İllərdir Azərbaycan məhkəmələrinə bunu görmək üçün gəlirik. Nəinki bütün ölkə, dünya da bilir ki, Tofiq Yaqublu necə şərlənib. İlham Əliyev Tofiq Yaqubludan qisas alır və bunu gizlətmir. Amma gün gələcək, insanlara şər atanlar və sifariş icra edənlər də cəzalandırılacaqlar".


T. Yaqublunun vəkili Nemət Kərimli "Azadlıq Radiosu"na bildirib ki, Ali Məhkəmənin qərarı ilə ölkədaxili hüquqi müdafiə vasitələri tükənib. Qərarı yazılı şəkildə aldıqdan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.


20 Mart

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Həbsdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 20-də aclıq aksiyasını dayandırıb. Bu barədə siyasətçinin qızı Nigar Həzi "Facebook" hesabında məlumat yayıb.


"Bu gün Tofiq Yaqublunun aclığının 26-cı günü idi. Səhər tezdən, heç gözləmədiyimiz anda atası evə zəng etdi... Ondan aclığı dayandırmasını çox xahiş etdik. Həm ictimaiyyətin istək və tələblərini, həm də yaxınların, dostların xahişlərini çatdırdıq. Eyni zamanda bildirdik ki, aclıq aksiyası qarşıya qoyulan məqsədə nail olub. İctimaiyyətin, beynəlxalq birliyin, xüsusən də ABŞ Konqresinin müxtəlif səviyyələrdə Tofiq Yaqublunun müdafiəsini nəzarətə götürdüyünü diqqətinə çatdırdıq... Bütün bunlardan sonra Tofiq Yaqublu aclığı dayandırdığını dedi", - deyə N. Həzi yazır.


Onun sözlərinə görə, ABŞ-da T. Yaqublunun müdafiəsi üçün ciddi işlər görülür: "Sadəcə indi bunları paylaşa bilmirəm. Müdafiə tərəfi rəsmi elan edəndə biləcəksiniz".


Comments


bottom of page